Qobustan abidələri haqqında sənədli filmin və kataloqun təqdimatı

 

Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” adlı sənədli film çəkilib. Həmçinin qoruq tərəfindən “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloq hazırlanaraq nəşr edilib. Avqustun 3-də film və kataloqun təqdimat mərasimi keçiriləcək.

Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı, qoruq elmi tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən işlərdən biri də “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun nəşridir.

2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” kataloqunda əksini tapıb.

Qobustan Milli Tarix-Bədii Qoruğu ərazidəki qayaüstü abidələrin ölkə və beynəlxalq səviyyədə təbliği işini də davam etdirir. Qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filmidir. Film dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi tədqiqat işlərindən bəhs edir.