Mövlud Çavuşoğlu: “Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən regionda davamlı sülh üçün istifadə edirik”

 

Avqustun 8-də Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023 və ötəsi – Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı başlayıb. Konfransda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbirdən öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri məzarlığında şəhid türk diplomatların uyuduqları məkan ziyarət edilib. Mərasimə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da qatılıb.

Şəhid diplomatların ruhuna dualar oxunub, məzarları üstünə gül dəstələri düzülüb. Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyi adından türk diplomatların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub.

Sonra konfrans iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu məkanı – Anıtqəbri ziyarət ediblər.

Anıtqəbir önünə əklil qoyulub, nazir Mövlud Çavuşoğlu “Xatirə kitabı”nı imzalayıb.

Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin, eləcə də tanınmış siyasətçilərinin, elm adamlarının və media nümayəndələrinin qatıldıqları konfransın açılışında xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Türkiyənin xarici siyasətinin istiqamətlərindən bəhs edən Mövlud Çavuşoğlu dünyada sülh və sabitliyin qorunması üçün diplomatiyanın qarşısında dayanan vəzifələrdən danışıb.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” kəlamını xatırladan nazir çıxışında Azərbaycanla müttəfiqlik əməkdaşlığına dair mühüm məqamlara da toxunub: “Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən regionda davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər. Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Azərbaycan heç zaman yalnız deyil...”.

Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində başlayıb 44 gün davam edən Vətən müharibəsində Türkiyənin haqq və ədalətin yanında olduğunu, qəhrəman Azərbaycan Ordusunun rəşadətli Qələbə qazandığını xatırladan nazir bölgədə baş verən son hadisələrə də münasibət bildirərək deyib: “Biz Ermənistana xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”.

Mövlud Çavuşoğlu əvvəlki illərlə müqayisədə son illərdə Türkiyə diplomatiyasında özünü göstərən çoxistiqamətliliyə, xüsusilə də mədəniyyət diplomatiyasına diqqət çəkib: “XXI əsrdə diplomatiya siyasi və hərbi sahələrlə məhdudlaşan bir vasitə olmaqdan çıxdı. Biz həmçinin çoxölçülü, çoxşaxəli və çoxtərəfli diplomatiya həyata keçiririk. Köklü tarixə və qədim adət-ənənələrə malik olan bu torpaqların mədəni dəyərlərinin dünya miqyasında təbliği üçün müvafiq qurumlarımızla əl-ələ veririk. Bununla bağlı son addımımız dünyada yüksələn trendə çevrilən qastrodiplomatiya sahəsində görülən işlər oldu...”.

Konfransın ilk günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunın sədrliyi ilə keçirilən bölümdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışı dinlənilib.

Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrini yüksək dəyərləndirən nazir Ceyhun Bayramov diqqətə çatdırıb ki, etnik, mədəni və tarixi tellərlə bağlı qardaşlıq və dostluq münasibətlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində dövlətlərimizin maraqlarına xidmət edən gerçək addımlarla dəstəklənir.

Beynəlxalq ədalətin təsis olunmasında bu gün qardaş Türkiyənin etdiklərinin bütün dünya üçün örnək olduğunu deyən Ceyhun Bayramov bildirib ki, beş əsrlik bir mirasa sahib olan türk diplomatiyasının qazandığı uğurlar Türkiyənin beynəlxalq aktor kimi rolunu gündən-günə artırır. Dünyanın ən geniş şəbəkəli 5-ci diplomatik təsisatına malik Türkiyənin diplomatik təmsilçilikləri ölkənin gücünə güc qatır.

Ceyhun Bayramov vurğulayıb ki, Türkiyənin olmadığı platformada Azərbaycan qardaş ölkənin sözünü dediyi kimi, bizim olmadığımız bir yerdə də səsimizin, sözümüzün eşidilməsini qardaş Türkiyənin diplomatları həyata keçirirlər: “Torpaqlarımızın işğaldan azad edilməsi zamanı Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstəyin, sadəcə, qardaşlıq münasibətlərinin təzahürü deyil, eyni zamanda, Türkiyənin doğrunun, haqqın və ədalətin yanında dik durmasının göstəricisi olduğunu bildirən nazir qeyd edib ki, bu dövrdə bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, türk diplomatları azərbaycanlı məsləkdaşları ilə birlikdə bütün platformalarda çiyin-çiyinə çalışaraq, haqlı sözümüzün dünyada eşidilməsi üçün ciddi mübarizə apardılar.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə XIII səfirlər konfransı avqustun 12-dək davam edəcək. Konfransın Ankara hissəsi başa çatandan sonra iştirakçılar Nevşəhir və Kayseri şəhərlərinə səfər edəcəklər.

Mehparə Sultanova
Ankara