Azərbaycan Turizm və Menecment Universiteti bundan sonra fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirəcək.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali təhsil müəssisəsi Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla universitetin yeni nizamnaməsi də təsdiqlənib. Nizamnaməyə əsasən, universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Universitet “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.