Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü yaxınlaşır. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Anım Günü münasibətilə mədəniyyət müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq, işğal altındakı əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən haqq savaşının gerçək qəhrəmanları ehtiramla anılacaq.

Akademik Milli Dram Teatrında ötən mövsümdə hazırlanmış “Zəfər yolu” tamaşası sentyabrın 23, 24 və 25-də nümayiş olunacaq. Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan “Bir nəfəs qədər” tamaşası təqdim ediləcək.

Muzeylərdə də bir sıra tədbir və layihələr nəzərdə tutulub.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli qeyd etdi ki, sentyabrın 23-də 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir keçiriləcək. Tədbirdə mərkəzin dərnək üzvləri vətənpərvərlik mövzusunda şeirlər söyləyəcək, mahnılar səsləndirəcəklər. Sentyabrın 27-də İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində “Tarix yazaraq tarixə yazılanlar” adlı tədbir-sərgi keçiriləcək. Sərgidə muzeyin fondlarından şəhidlərimizə məxsus əşyalar nümayiş olunacaq.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Aytən Məmmədova bildirdi ki, Anım Günü ilə bağlı sentyabrın 26-da mədəniyyət ocağında “Ömrünü Vətənə bağışlayanlar” adlı tədbir keçiriləcək. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailə üzvləri, qazilər ağır, amma qürurverici müharibə haqqında öz xatirələrini danışacaqlar. Şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ifa ediləcək.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova vurğuladı ki, sentyabrın 27-də muzeydə Anım Günü münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçiriləcək.

Anım Günü ilə bağlı həmçinin Səməd Vurğunun Ev-Muzeyində “44 günlük Vətən müharibəsi” adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi, Abdulla Şaiqin Mənzil-Muzeyində “Zəfərə aparan yol” adlı tədbir, Nəriman Nərimanovun Xatirə Muzeyində isə “44 günlük Zəfər tariximiz” adlı sərgi açılacaq, “açıq qapı” təşkil olunacaq.

Nurəddin