Rəşad Məcid: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq...”

 

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

Qurultayda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra şəhidlərin, həmçinin 2021-ci ildə peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan Məhərrəm İbrahimov (AZƏRTAC) və Sirac Abışovun, eləcə də əvvəlki qurultaydan ötən dövrdə dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mətbuat Şurası (MŞ) sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

MŞ sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsinin sonunda 2003-cü ildə yaranan Mətbuat Şurasına 19 illik fəaliyyətindən də söz açaraq, növbəti dəfə sədrliyə namizəd olmayacağını bildirib və qurumun yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

Sonra MŞ Nəzarət-Təftiş Komissiyasının sədri Tahir Aydınoğlunun hesabatı dinlənilib.

Məruzələr ətrafında çıxışlarda qurumun fəaliyyəti ilə bağlı fikirlər bildirilib, qarşıdakı dövrdə həyata keçiriləcək işlərlə bağlı bir sıra təkliflər irəli sürülüb.

MŞ sədrinin müavini Müşfiq Ələsgərli qurumun Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Səsvermə nəticəsində müvafiq əlavə və dəyişikliklər qəbul  edilib, o cümlədən “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Kodeksi” olaraq dəyişdirilib.

Qurultayda Mətbuat Şurası İdarə Heyətinin 23 nəfərdən ibarət yeni heyətinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Gizli səsvermənin (bülleten-anket) nəticələrinə əsasən, ən çox səs toplayan 14 jurnalist və 9 ictimaiyyət nümayəndəsi İdarə Heyətinin üzvü seçilib: Rəşad Məcid, Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev (jurnalistlər üçün kvota üzrə); Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zifəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas (ictimaiyyət nümayəndələri üçün kvota üzrə).

Qeyd edək ki, MŞ İdarə Heyətinin 23 üzvündən 10 nəfər yeni seçilib, 13 nəfər isə bundan əvvəlki heyətdə də yer almışdı.

Həmçinin açıq səsvermə ilə 5 nəfərdən ibarət MŞ Nəzarət-Təftiş Komissiyası seçilib: Tahir Aydınoğlu, Elşən Əliyev, Ələsgər Süleymanov, Nadir İsmayılov, Rey Kərimoğlu.

Daha sonra İdarə Heyəti üzvlərinin açıq səsverməsi ilə “525-ci qəzet”in baş redaktoru, şair-publisist, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid Mətbuat Şurasının yeni sədri seçilib.

Qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub. Bununla da Azərbaycan jurnalistlərinin VIII qurultayı başa çatıb.

Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 205 nümayəndə iştirak edib.

***

Azərbaycan Mətbuat Şurası indiyədək səmərəli fəaliyyət göstərib. İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq.

Mətbuat Şurasının yeni sədri Rəşad Məcid bu fikirləri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın günlərdə “Media haqqında” qanunun müvafiq müddəasına uyğun olaraq, Media Reyestri fəaliyyətə başlayacaq. MŞ sədri vurğulayıb ki, jurnalist fəaliyyətinin və peşə etikasının pozulmadığı hallarda jurnalistlərin hüquqları qanunla qorunacaq.

***

Onu da qeyd edək ki, qurultaydan bir gün sonra MŞ İdarə Heyətinin tərkibində dəyişiklik olub. Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edərək işlərinin çox olması səbəbindən heyətin işində iştirak edə bilməyəcəyini bildirib və üzvlükdən imtina edib.

MŞ İdarə Heyəti müraciəti müzakirə edərək qərar qəbul edib. Qurultayda namizədlər arasında N.Niftiyevdən 1 səs az toplamış Yeganə Hacıyeva (politoloq) MŞ İdarə Heyətinə daxil edilib.