Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qalibiyyətə həsr olunmuş “Zəfər – 44” adlı rəsm yaradıcılıq turnirinə əsər qəbulu davam edir.

10-21 yaşarası uşaq, yeniyetmə və gənclər sentyabrın 30-dək iştirak anketlərini tamamlayıb Bakı Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) yerləşdirməklə, turnirin iştirakçısı ola bilərlər. İştirakçılar müəyyən edilmiş gündə 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir.

Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək. Hər uşaq turnirə yalnız bir dəfə qoşula bilər. Sərgilənəcək əsərlər geri qaytarılmır. İştirakçı ən az 72 saat öncə iştirakçı cədvəlindəki gününü dəyişdirə bilər.

Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçim aparılacaq. İlkin seçilmiş rəsmlər arasından ən yaxşı 44 əl işi sərgilənmək üçün seçiləcək. Əsəri sərgilənəcək uşaqların siyahısı və turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək. Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq .

Qeyd edək ki, yaradıcılıq turniri Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.