Bakı Dövlət Sirki oktyabrın 14-də qapılarını tamaşaçılara açacaq

 

Bakılı sirksevərlər, xüsusən də azyaşlılar payız fəslinin gəlməsi ilə rəngarəng və dolğun proqramlı sirk mövsümünün açılışını səbirsizliklə gözləyirlər. Bunu nəzərə alan Bakı Dövlət Sirkinin əməkdaşları da seyrçilərini təəccübləndirmək  üçün yeniliklər etməyə, dünyaca məşhur sirk proqramlarının qastrol siyahısına paytaxtımızı da daxil etməyə çalışırlar.

Bu dəfə də Bakı sirki yeni mövsümdə “Beynəlxalq sirk: festival qalibləri” adlı proqramı təqdim edəcək.

Bununla bağlı oktyabrın 5-də media mənsubları ilə görüş keçirən Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev və sirk ustası, proqramlar üzrə təşkilatçı, Dünya Sirk Sənəti Festivalının mükafatçısı Allahverdi İsrafilov qarşıdakı yaradıcı təşəbbüslər haqqında da söz açdılar.

Allahverdi İsrafilov qastrol proqramı barədə məlumat verdi. Bildirdi ki, proqram 14 oktyabr – 27 noyabr tarixlərini əhatə edəcək. Oktyabrın 12-də isə şəhid və qazi ailələri üçün xüsusi nümayiş nəzərdə tutulub.

Görüşdə milli sirk mütəxəssisləri, sirk sənətinin növləri və ötən müddət ərzində təşkil olunan sirk truppasından da söhbət açıldı. Nahid Ağayev sirkdə uzun illərdən sonra zəruri təmir-bərpa işlərinin görüldüyünü, heyvanların saxlama yerlərindən tamaşaçı salonu və manejə qədər hissələrin müasir tələblər səviyyəsinə gətirildiyini bildirdi.

Əməkdaşlıq layihələrinin milli truppanın püxtələşməsi və inkişafına xidmət edəcəyini bildirən N.Ağayev beynəlxalq təcrübəli mütəxəssisləri dəvət etməklə sirk məktəbini formalaşdırmağa can atdıqlarını dedi: “Əslində, Azərbaycanda sirk artistləri yetişdirən məktəb, ixtisas sahəsi yoxdur. Burada, sadəcə, bu işə sevgisi və fiziki imkanları olan insanlar ciddi məşğul olaraq özlərini tapmağa çalışırlar. Biz də bunun üçün mühit formalaşdırmağa, şərait yaratmağa çalışırıq. Onları seçib zamanında yetişdirmək, yeniyetmə və gəncləri sirk sənətinin növləri üzrə püxtələşdirmək üçün də vaxta ehtiyac var. Bunu nəzərə alaraq bu istiqamətdə danışıqlar aparırıq. Müxtəlif məşhur sirk proqramlarının səfəri də gənc sirk əməkdaşları üçün ustad dərsi rolunu oynayacaq. Bu, təcrübə mübadiləsinə də zəmin yaradacaq və artistlərimiz yetişdikcə birgə proqramların təşkilinə nail olacağıq”.

Sirk rəhbəri milli truppada bu sənətin müxtəlif növləri üzrə gənclərin, pəhləvanlar, jonqlyorlar, illüzionistlər, akrobat və rəqs nömrələrini göstərən artistlərin olduğunu dedi.

Həmidə