ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə hazırlanan “Azərbaycan” qəzeti (1918-1920) külliyyatının IV cildi çapdan çıxıb. IV cild qəzetin 1919-cu il yanvar nüsxələrini – 76-102-ci nömrələri əhatə edir. Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib.

Azad Ağaoğlu “Azərbaycan” qəzeti külliyyatının IV cildi ilə bağlı hazırladığı məqalədə bir sıra maraqlı materiallara diqqət çəkir. Onlardan biri qəzetin 1919-cu il 5 yanvar tarixli 79-cu nömrəsində dərc olunan “Müstəqil mətbuat lüzumiyyəti” adlı yazıdır. Yazıda həmin dövrdə Bakıda Rus Milli Komitəsinin orqanı “Yedinaya Rossiya”, rus sosialist-inqilabçılarının orqanı “Znamya truda”, sosial-demokratların orqanı “İskra”, “mötədil” erməni dairələrinin orqanı “Naşe vremya”, “Daşnaksutyun” partiyasının orqanı “Vperyod”, erməni dilində “Mer orer” qəzetlərinin nəşri barədə söz açılır. Adıçəkilən qəzetlərin hamısı Azərbaycan xalqının və dövlətinin mənafeyinə zidd fəaliyyət göstərən, milli müstəqilliyimizə açıqca düşmən mövqedə dayanan nəşrlər idi.

Belə bir şəraitdə “Azərbaycan” qəzetinin müraciəti necə də aktual səslənir: “...Azərbaycan türk və islamları nöqteyi-nəzərindən lazım gəlir ki, bizim səsimiz düşmənlərimizə müqabil zəif çıxmasın. Bu isə mətbuatımızın çoxalması ilə ola bilər”.

“Azərbaycan”ın səhifələrini çevirdikcə, dövrün mətbuatının mənzərəsi gözlərimiz qarşısında daha yaxşı canlanır. Təəssüf ki, bu mənzərə bir o qədər də ürəkaçan deyildir. Məsələn, 16 yanvar tarixli 89-cu nömrədə belə bir xəbər görürük: “Azərbaycan Müsəlman İctimaiyyuni-İnqilabiyyun firqəsi tərəfindən bu günlərdə “Kəndçi və fəhlə” adında türk lisanında həftəlik bir qəzetə nəşr ediləcəkdir”. 19 yanvar tarixli 91-ci nömrədə isə Azərbaycan Sosialist-İnqilabçılar partiyası Müvəqqəti Komitəsinin sədri Ruhulla Axundovun bir məktubu dərc edilmişdir. Ruhulla Axundov əvvəlki xəbəri təkzib edərək belə yazır: “...“Əkinçi və fəhlə” qəzetəsi Azərbaycan deyil, müsəlman deyil və sosialist deyil, Qafqaz və Kaspiyski “hökumətinin” erməni millətçilərinin təşəbbüsü və sərmayəsi ilə nəşr edilir”.

Bunların müqabilində milli maraqlarımıza xidmət edən nəşr orqanı “Azərbaycan” qəzetidir. Qəzet həm də düşmən mövqedəki bütün bu nəşrlərlə mübarizə aparmaq, onların millətimizə və dövlətimizə yönələn əsassız iddialarını susdurmaq kimi ağır bir yükü öz çiyinlərinə götürmüşdür. Təsadüfi deyil ki, “Azərbaycan” hər nömrəsində “düşmən cəbhədəki” mətbuatın çağırışlarına cavab vermək məcburiyyətində qalır.

Azərbaycan torpağının ən gözəl guşələrindən biri olan Qarabağı qana boyayan daşnak vəhşiliyi barədə xəbərlər də “Azərbaycan” qəzetinin demək olar ki, hər nömrəsində özünə yer tapır:

“Parlaman tərəfindən Qarabağa göndərilmiş olan heyət, başda Xosrov bəy Sultanov olmaq üzrə Bakıya övdət eylədi [qayıtdı]. Mümaileyh [adı çəkilən şəxs] Andranikin Qarabağda etdiyi məzaliməsi [zülmləri] barəsində qayət dəyərli sənədlər gətirmişdir ki, bu günlərdə qəzetələrdə çap ediləcəkdir” (N 86, 13 yanvar).

“Qarabağdan təzəcə gəlmiş Parlaman üzvü Məlik-Yeqanov Qarabağ əhvalı haqqında və Andranik hərəkatı barəsində müxtəsər məlumat vermişdir. Məlik-Yeqanov demişdir ki, hal-hazırda Qarabağda olan 46 mindən ziyadə müsəlman qaçqınları Bakıya gəlməkdədirlər. Onlara burada yer və iş vermək lazım gələcəkdir” (N 88, 15 yanvar).

Yenə qədim Azərbaycan yurdlarından Zəngəzur da erməni daşnaklarının vəhşiliyinə səhnə olmaqdadır. Zəngəzurda dağıdılan, yandırılan, yer üzündən silinən Azərbaycan kəndlərinin sayı yüzlərlədir:

“Zəngəzurdan gələn mürəxxəslərin... sözlərindən anlaşıldığı üzrə, Zəngəzurda ermənilər tərəfindən dağıdılan və xarab edilən kəndlərin ədədi 119 parədir ki, bunların 40 mindən artıq olan əhalisi qırıldıqdan sonra, yerdə qalanları yer və yurdlarından qaçıb Qarabağın sair yerlərinə səpələnibdirlər. Bu qaçqınların halı o dərəcədə fəlakətlidir ki, yazılmaqla qurtarmaz” (N 87, 14 yanvar)...

IV cildin diqqəti cəlb edən materiallarından biri “Türküstan heyəti-mürəxxəsəsi ilə müsahibə” adlı yazıdır. Tarixi adı “Türküstan” olan, bugünkü adıyla “Orta Asiya” kimi tanıdığımız coğrafiyada yaşayan qardaş xalqların nümayəndə heyəti İstanbuldan öz yurdlarına qayıdarkən bir müddət Azərbaycanda dayanmış və “Azərbaycan” qəzetinə müsahibə vermişdir. Türküstan nümayəndələri, Avropaya – Paris Konfransına yola düşən Azərbaycan nümayəndə heyətinin, onları da yaddan çıxarmamasını xahiş edir: “Bu gün hazırda və yeni paydar [bərqərar] olmuş hökumətlərin, dövlətlərin həpsinin gözü fəqət [yalnız] buradadır, fəqət [yalnız] buradan imdad istəyəcəklər. Sizin öhdənizə qardaşlıq haqqı olaraq, digər dövlətlər üçün də çalışmaq vəzifəsi düşəcəyi təbiidir... Güman edirəm ki, qardaşlıq xatirəsinə, türklük şərəfinə Azərbaycan kəndisi üçün çalışarkən, Avropa və yaxud başqa yerdə bizim Türküstanı da unutmaz” (N 80, 6 yanvar).

“Azərbaycan” qəzeti mədəniyyət və incəsənət materialları ilə də zəngindir. Qəzetdə teatr tamaşaları haqqında xəbərlər və yazılar mütəmadi yer alır. Cəfər Cabbarlının “Ölkəm” adlı məşhur şeiri ilk dəfə “Azərbaycan”ın səhifələrində “Gözəl ölkəm” adı ilə çap edilmişdir (N 92, 20 yanvar). Başqa bir nömrədə isə bir qrup Azərbaycan ziyalısının Maarif Nazirliyinə müraciət edərək ədəbi və ictimai-siyasi bir məcmuə çap etdirmək istədikləri xəbər verilir. Ziyalıların müraciətini “təqdir ediləcək bir təşəbbüs” kimi qiymətləndirilən bu yazı güman ki, 1919-cu ilin mart ayında Bakıda nəşrə başlayan “Övraqi-nəfisə” adlı ədəbiyyat, mədəniyyət və incəsənət jurnalı haqqında mətbuatda ilk xəbərdir.

Xatırladaq ki, Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin ADA Universitetinin layihəsi ilə nəşr edilən tam külliyyatı 20 cilddə olacaq. Bundan öncə çapdan çıxan I cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr,  III cild isə dekabr ayını əhatə edib.