VIII Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində böyük Azərbaycan şairi, qüdrətli sərkərdə Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi əsasında hazırlanmış nəşrin təqdimatı da keçirilib. Nəşr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə işıq üzü görüb.

AMM-in direktoru Samir Abbasov Xətainin 535 illik yubileyi münasibətilə hazırlanan nəşrin Özbəkistan Elmlər Akademiyası Biruni adına Şərqşünaslıq İnstitutundakı Azərbaycana dair əlyazmaların tədqiqi əsasında ərsəyə gəldiyini bildirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli məsələyə tarixi aspektdən yanaşaraq Xətai “Divan”ının Daşkənd nüsxəsinin nəşrini mədəniyyətimizin, ədəbiyyatımızın dünyada tanıdılması, təbliği istiqamətində əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nəsimi adına Dilçilik Institutunun direktoru, professor Nadir Məmmədli, tədqiqatçı-alim, professor Nizami Tağısoy, özbək şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm Azərbaycan-Özbəkistan, mədəni-ədəbi münasibətlər haqqında danışaraq bu nəşrin Xətai irsinin tədqiqinə böyük töhfə olduğunu qeyd ediblər.

Kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tədqiqat işində və nəşrin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə AMM-yə minnətdarlığını bildirib.