Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) müxtəlif yönümlü maarifləndirici layihələr həyata keçirməyə davam edir.

MEMİM və Masallı RMİ-nin birgə təşkilatçılığı ilə oktyabrın 4-də “Zərərli vərdişlərdən imtina” adlı maarifləndirici seminar keçirilib.

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov və MEMİM-in direktoru Səadət Xələfbəyli tədbiri açaraq, iştirakçıları salamlayıb, seminarın mövzusu haqqında məlumat veriblər.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Samid Əliyev, Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov və digərləri çıxış edərək ictimaiyyəti narkomaniya ilə birgə mübarizə aparmağa çağırıblar.

Vurğulanıb ki, bu problemdən çıxış yolu gənclər arasında sağlam həyat tərzinin təbliği,  onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

Daha sonra Masallı rayon Mədəniyyət Mərkəzində mövzuya dair “Bölgə” eksperimental teatr truppası tərəfindən səhnələşdirilmiş “Həyat tablosu” adlı tamaşanın premyerası olub. İnteraktiv formatda səhnələşdirilmiş pantomim tamaşası maraqla izlənilib.

Seminar çərçivəsində Masallı sənətkarlarının əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

MEMİM tərəfindən Masallı rayonunda “Cıdır düzü” adlı intellektual turnir təşkil edilib. Turnirdə Lənkəran və Masallı Regional Mədəniyyət idarələrinin hər birindən 3 komanda iştirak edib. Oyunun qalibi Masallı RMİ üzrə “Zirvə” (Yardımlı) komandası olub.

Qeyd edək ki, bölgələrdə müxtəlif mövzularda keçirilən belə yarışmaların məqsədi  mədəniyyət işçilərinin səriştə və peşə bacarıqlarının, dünyagörüşünün və komanda ruhunun inkişaf etdirilməsidir.

MEMİM və Masallı RMİ-nin birgə təşkilatçılığı, mədəniyyət könüllülərinin iştirakı ilə Masallı rayonunda XIX əsr memarlıq abidəsi olan Köhnə hamam ərazisində iməcilik də keçirilib. İməciliyin məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Təşəbbüsə rayon sakinləri də maraq göstəriblər.