“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi 29 noyabr – 3 dekabr tarixlərində Fransanın Aix-en-Provence şəhərində keçiriləcək 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının müsabiqə proqramına salınıb.

2020-ci ildə çəkilən ekran əsəri Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları illərlə qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Qeyd edək ki, premyerası bu ilin aprelində Niderlandda “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival”da da iştirak edəcək.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu, quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.