Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirki oktyabrın 14-dən noyabrın 27-dək  “Beynəlxalq sirk: festival qalibləri” adlı yeni mövsüm proqramını tamaşaçılara təqdim edəcək.

Oktyabrın 12-də isə proqramın şəhid və qazi ailələri üçün xüsusi nümayişi olub.

Şou-proqramda pəhləvanların, jonqlyor, illüzionist, akrobat və rəqs nömrələrini göstərən artistlərin çıxışlarına, o cümlədən əcnəbi sirk ustalarının çıxışlarına yer verilib. Klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları tamaşaçıları heyrətləndirib.

Bakı Dövlət Sirki uzun illər sonra ilk milli sirk nömrəsini də formalaşdırıb. Sirk nömrəsində Qarabağ atları ilə rəqqasların birgə çıxışı sayəsində möhtəşəm kompozisiya ərsəyə gəlib.

Qeyd edək ki, “Beynəlxalq sirk: festival qalibləri” proqramının təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Dünya Sirk Sənəti Festivalının laureatı Allahverdi İsrafilovdur.