Azərbaycan və Türkiyə sənətçilərinin konserti

 

Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın və Türkiyənin tanınmış sənətçilərinin iştirakı ilə “Şuşa İli” və Türkiyənin Cümhuriyyət Bayramına (29 oktyabr) həsr edilən “Qardaşlıq salnaməsi” adlı konsert təşkil olunacaq.

Konsert Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Musiqi gecəsini Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu idarə edəcək. Azərbaycan və türk müğənnilərinin ifalarından ibarət gecədə rəngarəng mahnılar səsləndiriləcək.

Konsertdə Azərbaycandan Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artistlər Firuz Səxavət, Ehtiram Hüseynov, qardaş ölkədən isə TRT-nin solistləri Dünya Tekin, Özlem Üngör, Zafer Albayrak, İlker Gökkaya, Mustafa Gökay və başqaları çıxış edəcəklər.

Xatırladaq ki, proqrama “Xarıbülbül” muğam qrupu ilə yanaşı Türkiyənin sevilən instrumental ifaçıları, saz sənətçiləri Gökhan Karakaya və Mustafa Acarın solo ifaları da daxildir.