Noyabrın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Qasım Rzayev (1970-1992) haqqında lentə alınmış “Sizə məktub var” qısametrajlı filmi nümayiş etdirilib.

Filmi 288 və 166 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və müəllim kollektivi izləyib.

Tədbirin aparıcısı Nuranə Davrinbəyova şəhid qəhrəmanın həyat yolu haqqında məlumat verdikdən sonra “Sizə məktub var” filmi nümayiş olunub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan ekran əsəri I Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir. Hərbi hospitalda çalışan tibb bacısı Səidə yaralı əsgərə sevgi duymağa başlayır. Onun sevgisi əsgər tərəfindən qiymətləndirilir. Sağalmış əsgər yenidən müharibəyə qayıtmalı olur və Səidəyə söz verir ki, ona məktublar yazacaq. Səidə hisslərini uşaqlıq dostu Nadirlə paylaşır, lakin Nadirin də müharibəyə yollanması onu daha da məyus edir. Müharibə xəbərləri onun yeganə ümidinə çevrilir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Ekran əsərinin icraçı prodüseri Azər Quliyev, bədii rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Filmdə rolları Dəniz Tacəddin, Əli Əlizadə, Məhəmməd Əlili və başqaları ifa edib.