Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) tərəfindən hazırlanan “Qarabağın incisi – Şuşa” adlı kitab-albom çapdan çıxıb.

“Şuşa İli” münasibətilə ərsəyə gələn nəşr qədim mədəniyyət beşiyimiz – 1752-ci ildə Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılmış Şuşanın tarixi-mədəni irsinə işıq salır.

Kitab-albomda şəhərin mədəniyyəti, ibadətgahları, tarixi-memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyətinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığı müxtəlif fəsillər üzrə təqdim olunur. “Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası”, “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edilən kitab-albomun türk, ingilis, rus və ərəb dillərində də nəşri nəzərdə
tutulur.
Nəşrin layihə rəhbəri, ADTM-in rəhbəri, Xalq yazıçısı Afaq Məsud, arxiv materialları üzrə məsul katib, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, redaktoru İradə Musalıdır.