Türk dünyasının kinosu gələn il Şuşada ekranlara çıxacaq

 

Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixində Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan kinosu da geniş şəkildə təmsil olunub. Azərbaycan filmləri festivalın həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer alıb.

Festivalda filmlər ümumilikdə 6 bölmədə, o cümlədən tammetrajlı bədii və sənədli filmlər iki müsabiqə proqramında (10 bədii və 14 sənədli ekran işi) nümayiş olunub.

Noyabrın 5-də festivalın bağlanış mərasimində müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim edilib. Mərasimdə mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Festivalın münsiflər heyəti tərəfindən Xalq artisti Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edilib. Kinorejissor bu mükafata müsabiqə proqramında iştirak edən “Həyat, deyəsən, gözəldir” bədii filminə görə layiq görülüb.

Digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Türkiyə kinosunun ulduzu, dünya şöhrətli aktrisa Türkan Şoray və tanınmış rejissor Osman Sınav II Dədə Qorqud Türk Dünyası Film Festivalının fəxri mükafatı – “Vəfa ödülü” ilə təltif olunub.

Mərasimdə III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşa şəhərində keçiriləcəyi elan edilib. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy festivalın simvolunu azərbaycanlı həmkarı Anar Kərimova təqdim edib.

Festivalın əhəmiyyətini qeyd edən Anar Kərimov layihənin Türk dünyası kinosunun tanınması və təbliğinə, eləcə də bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir bütün iştirakçıları gələn il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək üçüncü festivalda görmək istədiyini də diqqətə çatdırıb.

Sonda konsert proqramı təqdim edilib. Məşhur “Anadolu atəşi” rəqs qrupunun ifaları ilə süslənən gecədə Azərbaycanın Xalq artisti Azərinin çıxışı da alqışlarla qarşılanıb.