Noyabrın 28-də saat Beynəlxalq Muğam Mərkəzində (BMM) filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının “Salam, Məşədi” adlı kitabının təqdimatı keçiriləcək.

BMM-in nəşrləri seriyasından ərsəyə gətirilən kitab şuşalı görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyevin (1872-1962) 150 illiyinə həsr edilib.

Nəşrdə xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. Kitabda, həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport-Rekord”, Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub.

Muğam tariximizlə maraqlanan oxucular tədqiqatçı-jurnalist Dilqəm Əhməd tərəfindən M.M.Fərzəliyevə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət adamlarının xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər.

Kitaba Xalq artisti, bəstəkar Sərdar Fərəcov ön söz yazıb. “Çapar” nəşriyyatında işıq üzü görən kitabın redaktoru yazıçı Kənan Hacıdır.  

Qeyd edək ki, BMM mərkəzin foyesində büstləri qoyulan sənətkarların həyat və yaradıcılığına həsr edilən silsilə kitablar nəşr etdirir. İndiyədək Bülbülcan, Sadıqcan, Xan Şuşinski, Sara Qədimova və başqa sənətkarlarla bağlı kitablar işıq üzü görüb.