Baş katibə Nizaminin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı təqdim edilib

 

22-23 noyabr tarixlərində Mərakeş Krallığının Fəs şəhərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumu keçirilib.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) tərəfdaşlığı ilə gerçəkləşib. Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub.

Görüşdə NGBM-in həmsədri, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Freyberqa, BMT-nin 73-cü və 75-ci Baş Assambleyasının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın, Gürcüstanın, Bolqarıstanın, Latviyanın sabiq prezidentləri Mladen İvaniç,  Qiorqi Marqvelaşvili, Petar Stoyanov, Valdis Zatlers, Çexiyanın sabiq baş naziri Yan Fişer, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və başqaları iştirak ediblər. Görüşə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos da qatılıb.

Görüş zamanı son hadisələrə, həmçinin dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu formatda toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu ilin iyununda gerçəkləşən IX Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq və həyata keçirilən təşəbbüslər haqqında BMT Baş katibinə məlumat verilib.

Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində nəşr etdirdiyi “Qələmin sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar” kitabı və NGBM-in 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi Antonio Quterreşə təqdim edilib.