İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev arasında keçirilən görüşdə iki təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mərakeşin Fəs şəhərində BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu zamanı baş tutan görüşdə İslam-türk mədəni irsinin mühafizəsi və təbliği istiqamətində həyata keçiriləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. ICESCO-nun rəhbəri vurğulayıb ki, İslam irsi siyahısında türk xalqlarının çoxlu sayda qədim nümunələri var və rəhbərlik etdiyi təşkilat bu abidələrin mühafizəsi məqsədilə TÜRKSOY-la daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Sultan Raev bildirib ki, TÜRKSOY təşkilatı müxtəlif sahələrdə, xüsusən “İslam Dünyasının Mədəniyyət Paytaxtı” layihəsində ICESCO ilə əməkdaşlıq edir. Türk xalqlarının İslam və dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərin yubiley tədbirləri də birlikdə təşkil oluna bilər.