Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi “Dostluq” Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Emil İsgəndərovun ailəsini ziyarət edib.

Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin müəllimləri Vətən müharibəsi şəhidi Aydın Əliyevin ailəsinə baş çəkiblər.

***

Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı daha bir tədbir Ağstafa RMİ-nin tabeliyindəki Tovuz Rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib. Çıxışlarda Kəlbəcər rayonunun tarixi, 27 illik işğal zamanı maddi mədəniyyət nümunələrinin dağıdılıb talan edilməsi, hazırda rayonda həyata keçirilən quruculuq işləri haqqında məlumat verilib.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında “Qanları ilə tarix yazanlar – öncə Vətən deyənlər!” adlı videoçarx nümayiş etdirilib, kitab sərgisi təşkil olunub.

***

Cəlilabad rayonunun bir qrup mədəniyyət işçisi tərəfindən Vətən müharibəsinin şəhid baş leytenantı Bayram Babaşovun ailəsi ziyarət olunub.

***

Ağdam rayonunun Mahrızlı kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidənin açılışı olub. Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid ailələri, qazilər, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Vətən müharibəsi şəhidi Elşad Mahmudovun ailəsi ilə “Şəhidlik bir zirvədir, ünvanı əbədiyyət” adlı görüş təşkil edilib.

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialında Vətən müharibəsinə həsr edilmiş “Qələbə şəhidləri” adlı III cildlik kitabın təqdimatı keçirilib.

Goranboy Rayon Mədəniyyət Mərkəzinin Kələk kənd Diyarşünaslıq klubunda rayonun Düzqışlaq və Qarasuçu kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş təşkil edilib.

***

Kürdəmir RMİ Füzuli Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid Firudin Mehdiyev adına Horadiz şəhər 2 saylı tam orta məktəbdə “Zəfər tariximizin Kəlbəcər zirvəsi” adlı tədbir keçirilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsinin (25 noyabr 2020-ci il) ikinci ildönümünə həsr olunmuş tədbirdə tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindən söz açılıb.

***

Şəki RMİ Balakən Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Yaşa, ucal, Azərbaycan!” başlığı altında tədbir keçirilib. Balakənin icra başçısı İslam Rzayev və Şəki RMİ-nin rəisi Azər Yusubovun da iştirak etdiyi tədbirdə mədəniyyət işçiləri tərəfindən hazırlanmış şeir, kompozisiya, hərbi vətənpərvərlik mövzusunda yazılmış mahnılar, rəqs və folklor kollektivlərinin ifasında damburda (Dağıstanın yerli əhalisinin ikisimli musiqi aləti) musiqilər təqdim olunub.

Nurəddin Məmmədli