İraqdan qeyri-qanuni yollarla çıxarılan bir çox mədəni irs nümunələri geri gətirilir. Bu barədə ölkənin xarici işlər naziri Fuad Hüseyn deyib.

İraq ərazisindəki qədim sivilizasiyaların abidələrinin keçmişdə müxtəlif təhdidlərə məruz qaldığını bildirən nazir qeyd edib ki, bu abidələrin bir qismi terror yolu ilə məhv edilib. Lakin terror aktları bütövlükdə tarixi silə bilməz.

İraq hökumətinin oğurlanmış tarixi əsərlərin geri qaytarılması üçün müxtəlif dövlətlərlə əməkdaşlığı gücləndirmək istədiyini vurğulayan F.Hüseyn qaçaqmalçılıq yolu ilə aparılan 18 mindən çox artefaktın ölkəyə qaytarıldığını bildirib. Lakin nazir bu nümunələrin nə vaxt və haradan gətirildiyini deməyib.

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı ölkənin müxtəlif əyalətlərində, xüsusən də Bağdadda bir çox muzeylər talan edilib.

Cavid