Dekabrın 8-də AMEA Dilçilik İnstitutunda “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının bir neçə illik zəhmətinin bəhrəsi olan dialektoloji atlasın elmi, ictimai-siyasi əhəmiyyətə malik olduğunu deyib.

AMEA prezidenti vurğulayıb ki, bu kitab Qarabağ və Şərqi Zəngəzur üçün Dilçilik İnstitutunun ucaltdığı elmi abidədir. Bu, Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olmasının elmi sübutudur.

İsa Həbibbəyli nəşrin ərsəyə gəlməsində xidmətlərinə görə dosent Kifayət İmamquliyevanın rəhbərlik etdiyi dialektoloji atlas qrupunun AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov çıxış edərək “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın nəşrini Azərbaycanın elmi həyatında linqvistika hadisəsi olmaqla yanaşı, böyük siyasi anlam daşıdığını da bildirib. Azərbaycan dilində dialektoloji atlaslarının tərtibi istiqamətində işlərə 1950-ci illərdən başlanıldığını deyən Rafael Hüseynov sonralar Azərbaycan dilinin müxtəlif bölgələr üzrə dialektoloji atlaslarının işıq üzü gördüyünü diqqətə çatdırıb.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası dilçilik tariximizdə bir ilkdir. Bildirib ki, “Atlas” xəritələrində öz əksini tapmış dil faktları, səciyyəvi dialektoloji xüsusiyyətlər regionun qədim türk yurdu olmasının danılmaz sübutudur. Nadir Məmmədli institutda Dərbənd və güney azərbaycanlılar haqqında atlasın da hazırlanmasının nəzərdə tutulduğunu söyləyib.

Dilçilik İnstitutunun Azərbaycan Dialektologiyası şöbəsinin müdiri Kifayət İmamquliyevanın atlasla bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, atlasın müəllifi və tərtibçiləri Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrini fonetik, qrammatik və leksik səviyyədə tədqiq ediblər. Dörd (Azərbaycan, türk, rus, ingilis) dildə təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” Azərbaycan həqiqətlərinin bəyanıdır.

Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun baş elmi işçisi professor Qəzənfər Kazımov və başqaları çıxış edərək təqdim olunan atlasın məziyyətlərindən danışıblar.