Dekabrın 15-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Şuşa İli”nə həsr olunmuş hesabat-tədbir keçirildi. Tədbir Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Şuşa ilə bağlı söylədikləri fikirlərin yer aldığı videomaterialın nümayişi ilə başladı.

Elmi Bərpa Mərkəzinin direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova “Şuşa İli” çərçivəsində həyata keçirilən layihələrdən söz açdı. Diqqətə çatdırdı ki, tədbirə “Zoom” proqramı vasitəsilə regionların tarix-diyarşünaslıq muzeylərinin rəhbər və əməkdaşları da qoşulublar: “Biz xalq olaraq hər zaman Qarabağın azad olunacağına əmin idik. Buna görə də 44 günlük Vətən müharibəsindəki Qələbəmizə qədər də bu inamla həm paytaxt, həm də regionlarda Şuşa və Qarabağla bağlı muzey eksponatlarının bərpası ilə məşğul idik”.

Direktor bu il, həmçinin Elmi Bərpa Mərkəzinin yaradılmasının 65 illiyinin qeyd olunduğunu bildirdi: “Çox məmnunuq ki, bərpaya ehtiyacı olan və mərkəzə təqdim edilən eksponatlar sırasında Üzeyir Hacıbəyliyə məxsus skripkanı tam olaraq  bərpa edə bilmişik. Həmçinin Üzeyir bəyin anası Şirinbəyim xanıma məxsus geyimlərin də bərpasını həyata keçirmişik. Vaxtilə Şuşanın baş memarı olmuş Tofiq Zeynalov tərəfindən taxta üzərində yaradılan “Cıdır düzü” tablosu əməkdaşlarımızın əməyi sayəsində ikinci nəfəs qazanıb, ilkin vəziyyətinə gətirilib”.

Mərkəzin baş mühafizi Pakizə Almazova əməkdaşlar tərəfindən həyata keçirilən bərpa işləri, eləcə də il ərzində reallaşan tədbirlər barədə məlumatı diqqətə çatdırdı. Muzeyin elmi işlər üzrə direktor müavini İranə İbrahimova isə regionlardakı muzeylərlə əməkdaşlıq çərçivəsində reallaşan layihələrdən söz açdı.

“Zoom” vasitəsilə tədbirə qatılan bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları muzeylərində qorunan və mərkəz tərəfindən bərpa edilən Qarabağa məxsus eksponatlar barədə məlumat verdilər. Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva bərpaçıların zəhmətini yüksək qiymətləndirdilər.

Ali kateqoriyalı bərpaçı, 1978-2022-ci illərdə mərkəzdə çalışmış Ruhəngiz Əliyeva bu günə kimi Şuşa və Qarabağ mövzusunda çoxsaylı eksponatları bərpa etməsindən fəxrlə söz açdı. Veteran bərpaçı kollektivdə yaradılan səmimi atmosferə görə direktora təşəkkür etdi.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı  65 illik yubiley münasibətilə mərkəzin kollektivinə təbriklərini çatdırdı. Dedi ki, əməkdaşlar istər regionlarda, istərsə də paytaxt muzeylərində bərpaya ehtiyacı olan eksponatlara hər zaman böyük diqqət və məsuliyyətlə yanaşır: “Bülbülün Şuşada bərpa edilən ev-muzeyinin eksponatlarına Sabirabad, Gəncə  və digər rayon və şəhərlərin tarix-diyarşünaslıq muzeylərində qorunan tarixi-mədəni irs nümunələrinə yeni həyat veriblər. Bərpaçı işi böyük istedad və səbir tələb edir. İşə sevgi və məsuliyyət bu kollektivdə böyük nailiyyətlərin əldə edilməsinə yol açır. Bu məsuliyyət həm də əməkdaşların tariximizə, mədəni irsimizə ehtiramının ifadəsidir. Mərkəz 65 illik fəaliyyəti dövründə 27 min eksponatı bərpa edib. Xalqımızın tarixi-mədəni yaddaşının bu eksponatlarda yaşadığını düşünəndə kollektivin əməyinin dəyərini təsəvvürə gətirmək çətin olmur”.

Sektor müdiri çıxışının sonunda kollektivi əlamətdar yubiley münasibətilə bir daha təbrik etdi, uğurlar arzuladı.

Lalə Azəri