AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun öz tədqiqatları ilə Azərbaycan elminə dəyərli töhfələr verən onlarla alim və mütəxəssisi vardır. Azərbaycanın böyük şəxsiyyətlərinin, həmçinin bu şəxsiyyətlərin əlyazma irsini tədqiq edən və neçə-neçə kitabın ərsəyə gəlməsində zəhmət və səylərini əsirgəməyən alimlərimizin elmi fəaliyyəti həm institut, həm də elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Həm tədqiqat obyektinin, həm də tədqiqatçının eyni ildə yubileyinin keçirilməsi əlamətdar haldır. Bu il Azərbaycan ictimai fikir tarixində özünəməxsus yeri olan, milli mətbuatımızın banisi, tarixçi-etnoqraf Həsən bəy Zərdabinin (1842-1907) 180 illik yubileyi, onun layiqli tədqiqatçısı tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın isə 80 illiyidir.

Esmira Cavadova bir sıra elmi kitabların və məqalələrin müəllifidir. Lakin biz Zərdabinin də yubileyini nəzərə alıb bu yazımızda əməkdaşımızın yalnız böyük mətbuat fədaisi ilə bağlı kitablarından söz açmaq istəyirik. Tarixçi alimin H.Zərdabinin həyat və yaradıcılığı ilə bağlı “Sətirlərdə döyünən ürək” adlı ilk kitabı 1988-ci ildə çap olunmuşdur. Esmira Cavadovanın daha bir sanballı kitabı isə “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”dir. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri akademik Teymur Bünyadov və professor İzzət Rüstəmovdur. Kitab filosoflar, tarixçilər, etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın girişində müəllif elmi tərəqqinin sürətlə inkişaf etdiyi XX əsrdə keçmişimizin, maddi və mədəniyyət tariximizin araşdırılması üçün maarifçilərin etnoqrafik görüşlərinin öyrənilməsinin aktual olduğunu vurğulayır, bu sırada Həsən bəy Zərdabi yaradıcılığının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırır.

Nəşrin “Zərdabda bir uşaq doğuldu” bölümündə H.Zərdabinin uşaqlığı, mollaxanadakı, dördsinifli rus məktəbindəki, Tiflis gimnaziyasında, Moskva Universitetindəki təhsili, bir sıra görkəmli ziyalılarla tanış olması, onların etnoqrafik görüşlərini öyrənməsi, təhsildən qayıdandan sonra Qubada məhkəmə katibi, daha sonra Bakıda realnı gimnaziyada “təbiyyat tarixi” müəllimi işləməsindən söz açan tədqiqatçı “Əkinçi” qəzetinin nəşrinə keçid alır və yazır: “Az tirajla, kiçik formatla nəşrinə baxmayaraq, “Əkinçi”nin çapdan çıxması bütün Azərbaycan xalqının mənəvi bayramı idi. “Əkinçi”nin nəşri Azərbaycan milli mətbuatının əsasının qoyulmasını xəbər verirdi”.

Müəllif “Əkinçi” ətrafında birləşən Azərbaycan ziyalılarının fəaliyyətindən, qəzetin uğurlarından və sonuncu nömrədə oxuculara müraciətindən bəhs edir və yazır: “H.Zərdabi Azərbaycana qayıtdıqdan sonra xalq arasında maarifçilik fəaliyyətini genişləndirmiş, tərəqqinin, elmin, mədəniyyətin və qabaqcıl ideyaların xalq arasında yayılması uğrunda qızğın mübarizə aparmışdır. Onun yaradıcılıq fəaliyyəti çoxşaxəli olduğu üçün xalq arasında geniş şöhrət tapmışdır. O, yorulmaz ictimaiyyətçi, alim, jurnalist, istedadlı pedaqoq idi”.

Kitabın “H.Zərdabinin əsərlərində əkinçilik mədəniyyətimiz” bölümündə Azərbaycan əkinçiliyi tarixinə kiçik ekskursiya edən tədqiqatçı Zərdabi yaradıcılığında əkinçilik mədəniyyəti problemlərinin qabarıq olduğunu xüsusi vurğulamış, onun öz əsərlərində Azərbaycanın təsərrüfat həyatının bir çox sahələri haqqında fikirlərini yüksək dəyərləndirmişdir. Zərdabinin “Əkinçi”, “Kaspi”, “Həyat”, “İrşad”, “Şərqi-Rus”, “Novoye obozreniye” qəzetlərində və “Məktəb”, “Dəbistan” jurnallarında çap olunmuş məqalələrinə müraciət edən müəllif onun əkinçilərə verdiyi dəyərli məsləhətlərindən, bir təbiətşünas kimi əkinçilik, taxılçılıq, pambıqçılıq, tütünçülük, meşəçilik, hətta heyvandarlıq sahəsini gözəl bilməsindən əhatəli bəhs açmışdır. Zərdabinin “Maldarlığın inkişafı və yaxşılaşdırılması tədbirləri haqqında”, “Bizim payız əkinlərimizin xüsusiyyətləri”, “Bakı qəzasında zəfəran istehsalı”, “Şərqi Zaqafqaziyada suya ehtiyac” və s. məqalələrini, “Torpaq, su, hava” əsərini, eyni zamanda rus dilində qələmə aldığı bir sıra məqalələri tədqiqata cəlb edən E.Cavadova onun Volinin “Baramaqurdunun düzgün bəslənməsi üçün qısa rəhbərlik” adlı məqaləsini də rus dilindən tərcümə etdiyini və özünün də baramaçılıqla bağlı dəyərli fikirləri olduğunu diqqətə çatdırmışdır. Zərdabinin “Qafqazın kustar sənətləri”, “Köçərilərin həyatından (naturadan)”, “Elmi-heyvanat” silsilə məqalələri (“Qaramal” və s.) məqalələri isə “Maldarlıq məsələləri” bölümündə tədqiq edilmişdir.

Kitabın “Maddi mədəniyyət məsələləri” bölümündə Zərdabinin “Bədəni salamat saxlamaq düsturül-əməldir” adlı sağlamlığa dair məqalələr toplusundan geniş bəhs edərək ayrı-ayrı məqalələrin təhlilini verən müəllif alimin vəfatından sonra həmin əsərin Yusif Vəzir Çəmənzəminlinin təşəbbüsü ilə Kiyevdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən 1912-ci ildə “Gigiyena” adı ilə nəşr olunduğunu da diqqətə çatdırmışdır.

“Mənəvi mədəniyyət məsələləri” bölümündə Zərdabinin folklorla, aşıq poeziyası, məktəb, dil problemi, incəsənətlə bağlı gördüyü işlərdən söz açan müəllif “Türk nəğmələri” kitabından, “Bizim nəğmələrimiz”, “Dil və din”, “Dil davası”, “Bakıda müsəlman teatrının binası”, “Sərxoşluğa qarşı peyvənd”, “Quyruq doğdu, çillə çıxdı”, “Ayın fəzalarının Yer üzərində üzvi həyata təsiri”, “İlanbalığı gəldi”, “Təbəddülati-həvaiyyənin vücudi-heyvanatda hiss olunması” adlı məqalələrindən geniş söhbət açmışdır.

E.Cavadovanın nəşrə hazırladığı, akademik Teymur Kərimlinin elmi məsləhəti və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin redaktorluğu ilə “Əkinçi” qəzetinin yubileyi münasibətilə çap olunmuş “Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” də zərdabişünaslıq elminə böyük töhfədir. Tərtibçi-müəllif kitaba yazdığı “Millət fədaisi Həsən bəy Zərdabi” adlı ön sözdə mütəfəkkir alimin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Kitabda Zərdabinin həyat yolunun əsas tarixləri, seçilmiş fikirləri, M.F.Axundzadə, S.Ə.Şirvani, akademik Məmmədcəfər Cəfərov, Xalq yazıçısı Mirzə İbrahimovun “Əkinçi” qəzeti, Prezident İlham Əliyev, H.Vəzirov, F.Köçərli, A.Şaiq, Ə.Hüseynzadə və bir sıra alimlərin Zərdabi haqqında fikirləri, eləcə də Zərdabi və “Əkinçi”yə həsr olunan şeirlər yer almışdır.

Göstəricinin “Həsən bəy Zərdabinin əsərləri” bölümündə isə böyük ziyalının 1885-1962-ci illərdə çap olunmuş azərbaycanca və rusca kitablarının, 1875-2010-cu ilə qədər hər iki dildə dərc edilmiş məqalələrinin təsviri verilmişdir.

E.Cavadova Zərdabinin ictimai-siyasi fəaliyyətini tədqiq etmişdir. Müəllifin “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)” adlı kitabı 2015-ci ildə rusca, 2019-cu ildə isə Azərbaycan dilində nəşr olunmuşdur.

Esmira Cavadovanı 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona sağlamlıq və yeni uğurlar arzulayırıq.

Sona Xəyal