Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış dirijor Kazım Əliverdibəyov dekabrın 19-da, 88 yaşında vəfat edib.

Kazım Ağalar oğlu Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakıda anadan olub. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə təhsil alıb. 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) dirijor, 1960-cı ildən 1995-ci ilə qədər müəyyən fasilələrlə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

1996-2005-ci illərdə Türkiyədə, İzmir Konservatoriyasında müəllim kimi fəaliyyət göstərən K.Əliverdibəyov, eyni zamanda tələbələrdən ibarət simfonik orkestrin dirijoru olub. 2006-cı ildə Azərbaycana qayıdan sənətkar 2010-cu ilə qədər  Akademik Opera və Balet Teatrında fəaliyyət göstərib, repertuarda olan bir çox tamaşaları idarə edib.

K.Əliverdibəyov uzun illər indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1981-ci ildə dosent, 1992-ci ildə professor elmi dərəcəsi alıb.

1978-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2010-cu ildən Prezident təqaüdçüsü olub.

Görkəmli musiqi xadimi və pedaqoq Kazım Əliverdibəyovun xatirəsi onu tanıyanların, yetirmələrinin və sənətsevərin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.