Dekabrın 21-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Ömər Faiq Nemanzadənin yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiya Prezident İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən təşkil edilib.

İnstitutun baş direktoru professor Nadir Məmmədli vurğulayıb ki, Ömər Faiq Nemanzadə (1872-1937) xalqa məhəbbətin ilk əlamətini dilini sevməkdə görürdü. Milli dil problemi onun yaradıcılığında aparıcı yerlərdən birini tuturdu. Ömər Faiq Nemanzadənin ana dili təəssübkeşliyini, əslində, onun türkçülük, maarifçilik, ziyalılıq, millətçilik ideyalarından kənarda öyrənmək mümkün deyil. Çünki o, əsl ziyalı idi.

Sessiyada filologiya üzrə elmlər doktoru, professor İsmayıl Kazımov “Ömər Faiq Nemanzadənin məqalələrində dil məsələləri”, dosent Qətibə Mahmudova “Ömər Faiq Nemanzadə və ana dili təəssübkeşliyi” və Türk dilləri şöbəsinin böyük elmi işçisi Dilbər Camali “Ömər Faiq Nemanzadə və türkçülük” mövzularında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, Nemanzadənin əsərləri Azərbaycan dilinin tarixinin öyrənilməsi üçün çox əhəmiyyətli mənbədir. Dövrünün bütün problemləri, xüsusilə də maarif sahəsindəki çatışmazlıqlar onu daim düşündürür və yazmağa sövq edirdi. Həbsə düşməyinin, repressiya qurbanı olmağının da əsl səbəbi məhz onun dil, maarif, yeni əlifba və türkçülük təəssübkeşi olması idi.