İsrailin Hayfa şəhərindəki “Krieger” Sənət Mərkəzində dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, konsertdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Xalq artisti, professor Yalçın Adıgözəlov diqqətə çatdırıb ki, il ərzində dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsertlər keçirilib.

“Lakin çox şadam ki, bu əlamətdar ilin yekun konserti İsraildə keçirilir”, – deyə maestro vurğulayıb.

Hayfa Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı və “Nəsimi dastanı” baletindən musiqi təqdim edilib.

Konsertdən sonra yerli ictimaiyyətin nümayəndələri ifaçılara və təşkilatçılara təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, bu, onları heyrətamiz Azərbaycan musiqisi ilə tanış edən bir axşam olub.