Otaylı-butaylı ədəbiyyatımızın məğrur, mübariz şairi Həbib Sahir. Saf duyğulu, munis diləkli söz adamı. Bənzərsiz yaradıcılığı ilə hər kəsə sirdaş, dost olan, onu cazibəsində saxlayan sənətkar. Bu il tanınmış şair, ədəbiyyatşünas və pedaqoqun anadan olmasının 120 illiyidir.

Həbib Sahir 1903-cü ildə Cənubi Azərbaycanın Tərk şəhərində dünyaya göz açır. Bir müddət sonra ailəsi Təbrizə köçür. İşlərin, dolanışığın rəvan getdiyi bir vaxtda atası qəflətən vəfat edir. Şəhərdə Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün Həbib ilk təhsilini “Məhəmmədiyyə” mədrəsəsində fars dilində alır. Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli araşdırmasında  göstərir ki, Həbib burada Fransada oxumuş, fransız dili və ədəbiyyat müəllimi, şair Tağı Rüfətlə qarşılaşır. O, Həbibdə Qərb ədəbiyyatına dərin maraq oyadır. Xüsusilə də Türkiyədə nəşr olunan “Sərvəti-fünun”, “Rəsmili ay” kimi ədəbi-ictimai toplularla tanış edir. Orada dərc olunan şeirlər, xüsusilə Tofiq Fikrət və Cəlal Sahirin əsərlərini çox bəyənir. C.Sahirin əsərləri gənc şairin ədəbi-bədii zövqünə, dünyagörüşünə çox böyük təsir göstərir. Elə buna görə də Həbib sonra onun soyadını özünə təxəllüs (“sahir” ərəb sözüdür, mənası “yatmayan” deməkdir – red.) götürür. Mədrəsə təhsilini başa vurduqdan sonra bir müddət şəhərdə imkanlı ailələrin uşaqlarına dərs deyir.

1927-ci ildə Türkiyəyə gedən Həbib Sahir əvvəlcə İstanbulda yaşayan iranlılar üçün açılmış məktəbdə müəllim işləyir. 1929-cu ildə İstanbul Universitetinin Tarix və coğrafiya fakültəsinə qəbul olunur. Burada fransız dilini də öyrənir. Türk və fransız ədəbiyyatına dərindən bələd olur.

Təhsilini başa vurduqdan sonra Təbriz şəhərinə qayıdır. Fransız şair Alfons Lamartinin məşhur “Göl” poemasını Azərbaycan dilinə tərcümə edir. Azərbaycan dilində şeirlər qələmə alır. Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə qurulan Milli hökumət (“21 Azər” hərəkatı) onun ana dilində yazıb-yaratmasına böyük təkan verir. Milli hökumətin qısa vaxt ərzində ciddi islahatlar aparması, quruculuq işləri həyata keçirməsi şairin təbini coşdurur. Fars dilində yazan azərbaycanlı şair və yazıçılara qarşı mübarizəyə qalxır. Onları kəskin tənqid edir:

Yada qul ol,
Dərdə alış,
Farsca danış...
Əsirliyi, dərvişliyi
Təlqin elə uşaqlara...

Milli hökumət süqut etdikdən (1946) sonra Həbib Sahir müəllim işlədiyi məktəbdən qovulur, həbs edilərək sürgünə göndərilir.

Ümumiyyətlə, şairin ədəbi yaradıcılığında təbiət gözəlliyi, varlığın sirri, doğma yurdunun dərdləri rəvan dillə ifadə olunur. O, Güney Azərbaycanın dərdini öz dərdi bilir. Yaradıcılığında görünməmiş bir işıq parlamağa başlayır. Mövcud rejimlə mübarizəyə qalxır. Ölkədəki durğunluğa, xurafat, ehkamçılıq və dərvişçiliyə qarşı sərt çıxışlar edir. Şeirlərində cənublu soydaşlarımızı azad, sərbəst və çağdaş bir millət olmağa çağırır. Milli hökumət devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan türkləri ilə barışmır. Onlara qarşı sərt çıxışları ilə diqqət çəkir. “Mən əsir ellərimin şairiyəm” şeirində Güney Azərbaycan ziyalısının faciəsini ürəkağrısı ilə dilə gətirir:

Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Qovalarkən məni hər gün möhlət,
Qapımı döymədədi hər gecə qəm.
Hər azadə elin şairi var
Mən əsir ellərimin şairiyəm...

Müəllif “Səhər işıqlanır” şeirində yazır ki, o qanlı və yaslı payızdan (Milli hökumətin süqutundan ötən dövrü nəzərdə tutur) artıq 32 payız keçib. Amma hələ yaralar sağalmayıb... Bununla belə, istisiz, soyuq kül altında közlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.

Ana dili şirin olar,
Bizim türkü şirin dildir,
Xoş sədalı, zəngin dildir.
Dil günəşdir, işıq saçar,
Azadlığa qapı açar...

Şairin Təbrizin cənubundakı Səhənd dağına həsr etdiyi şeir böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırladır. Müəllif bu dağla dərdləşir, sanki onun “dilini açır”:

Baxır Səhənd, keçənilki dostları,
Gülərüzlə, uzaqlardan səsləyir...
O bir dağdır, lakin onun ürəyi,
İnsanlara dərin sevgi bəsləyir...

İranda İslam inqilabından (1979) sonra da şairə qarşı təhdidlərin arası kəsilmir. Ancaq o, məhrumiyyətlərə baxmayaraq, bütün şüurlu həyatını istibdadın tənqidinə, Azərbaycan türklərinin haqlarının qorunmasına həsr edir. Azadlıq nəğməkarı 1988-ci ildə dünyasını dəyişir.

Savalan Fərəcov