“Ömər Faiq Nemanzadə” fotoalbomu təqdim edildi

 

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Ömər Faiq Nemanzadə” adlı fotoalbom çap olunub. Nəşr görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının sərəncamına uyğun olaraq, muzeyin kolleksiyası əsasında hazırlanıb.

Yanvarın 10-da muzeydə nəşrin təqdimat mərasimi keçirildi.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı tədbiri açaraq muzeyin fondlarının hər il tarix və mədəniyyətimizin müxtəlif səhifələrini əks etdirən yeni materiallarla zənginləşdiyini dedi. Yeni nəşr haqqında danışan direktor qeyd etdi ki, Ö.F.Nemanzadəyə aid fotoşəkillər dövrün tarixi-mədəni mənzərəsinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bəzi şəkillərdə mühüm tarixi hadisələr əks olunub.

Muzeyin icraçı direktoru Fərhad Cabbarovun və Ömər Faiq Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçiləri olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar da daxil edilib.

Fərhad Cabbarov bildirdi ki, nəşrdə təkcə Nemanzadənin və onun ailə üzvlərinin deyil, Azərbaycanın ictimai həyatında, maarifçiliyin inkişafında xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə yer verilib: “Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, həmçinin Şəfiqə Əfəndizadənin, Məmmədzəki və Münirə Dursunzadələrin bəzi fotoları da ilk dəfə məhz bu albomda nəşr olunub. Fotoalbomun ərsəyə gəlməsi Ömər Faiq Nemanzadənin həyatının və irsinin öyrənilməsi, eləcə də həmin dövrün tədqiqi baxımından bir təkan oldu”.

Professor Solmaz Rüstəmova-Tohidi, Nemanzadənin nəvəsi Fuad Pepinov, nəticəsi Ülviyyə Pepinova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elm şöbəsinin müdiri İradə Musayeva, AMEA Tarix İnstitutunun şöbə müdiri Kamran İsmayılov Ö.F.Nemanzadənin həyat və yaradıcılığı barədə fikirlərini bölüşdülər.

Ailə üzvləri mətbuat və maarif fədaisinin yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qeyd olundu ki, Azərbaycanın, eləcə də bütün Türk dünyasının ictimai-siyasi fikir tarixində xüsusi yeri olan Ö.F.Nemanzadə siyasi publisistikanın əsasını qoyanlardan idi. Onun irsi daha dərindən araşdırılmalıdır. “Molla Nəsrəddin”in yaradılmasında Mirzə Cəlil qədər Nemanzadənin də əməyi var. Çıxışçılarda həmçinin onun türkçülük və islam dəyərləri ilə bağlı vacib məqamların əks olunduğu məqalələrinin əhəmiyyəti də vurğulandı.

Sonda qonaqlar “Ömər Faiq Nemanzadə” fotoalbomu ilə tanış oldular.

Lalə