Onların arasında şairin qəzəllərinin ən qədim əlyazması – yeddi əsrlik nümunə də var


Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin ilk əlyazması hesab edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) elektron (digital) variantı Milli Kitabxana tərəfindən əldə olunub.

Yanvarın 10-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi ilə birgə həmin elektron variantın və əlyazmanın kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab edilən Nizaminin “Xosrov və Şirin” poemasının və digər əsərlərinin əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatı keçirildi.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə diqqətə çatdırdı ki, “Nizami Gəncəvi İli” (2021) münasibətilə Milli Kitabxananın Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində bir sıra ölkələrin kitabxanalarında mühafizə olunan Nizami Gəncəvi əsərlərinin 156 nadir əlyazmasının elektron nüsxələrinin ölkəmizə gətirilməsi təmin olunub və bu iş gələcəkdə də davam etdiriləcək.

Kərim Tahirov bildirdi ki, bu əlyazmaların əldə edilməsində AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu ilə yaradılan birgə komissiya da mühüm rol oynayıb. Araşdırma zamanı dahi Nizaminin şeirlərinin də yer aldığı, 1295-ci ildə üzü köçürülən və böyük şairin əsərlərinin ən qədim əlyazması hesab edilən nüsxə və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar edilib. Bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.

Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Nizami yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, təqdim olunan əlyazmaların ədəbiyyatşünaslar üçün böyük əhəmiyyətindən, Milli Kitabxananın bu istiqamətdə həyata keçirdiyi işlərdən bəhs etdi.

Nəşrlərin əhəmiyyətini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Nizami yaradıcılığının daha geniş şəkildə təbliğinin vacibliyini vurğuladı.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazirlik tərəfindən Nizami Gəncəvi ilə bağlı həyata keçirilən layihələrdən danışdı: “Mədəniyyət Nazirliyi olaraq 2021-ci ildə Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı bir neçə layihə həyata keçirdik. Bu layihələrdən biri də Milli Kitabxana ilə birgə Nizami əsərlərinin əlyazma nüsxələrinin ölkəmizə gətirilməsi oldu. Nizami irsini araşdıraraq gələcək nəsillərə ötürmək bizim borcumuzdur”.

Ötən ilin Mədəniyyət Nazirliyinin sifarişi əsasında Misirdə Nizami “Xəmsə”sinin orijinaldan ərəb dilinə tərcümə edildiyini söyləyən Akif Marifli bu il nəşr layihəsinin başa çatdırılacağını bildirdi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov, Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və başqaları çıxış edərək Nizami yaradıcılığının zənginliyi barədə fikirlərini bölüşdülər.

Tədbirdə həmçinin “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da təqdim edildi.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın fondu üçün nəşr edilən Nizami əlyazmalarının sərgisi ilə tanış oldular.

Nurəddin