Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa günləri” tədbirləri çərçivəsində Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Fondun prezidenti Türk dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı nəzərdə tutulan layihələrindən söz açıb.

Reza Deqati qurumun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Məşhur fotoqrafın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.