Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün səylər göstərib. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə silahlı təxribatı göstərdi ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə hər hansı üçüncü tərəflərin ilkin şərt və əsassız iddiaları olmadan ən qısa zamanda başlamaq lazımdır.

Bunu Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistan XİN başçısı Ararat Mirzoyanın çıxışına cavabında deyib.

O bildirib ki, Azərbaycan, həmçinin üçtərəfli bəyanata uyğun olaraq, regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını yorulmadan təşviq edir. Bununla belə, beynəlxalq ictimaiyyətin bu təşəbbüsə güclü dəstəyinə və normallaşma gündəmini irəli aparmaq üçün göstərilən diplomatik səylərə baxmayaraq, irəliləyiş məhdud olaraq qalır: “Görünən odur ki, Ermənistan danışıqların imitasiyasına dair keçmiş praktikasına sadiq qalır və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, ilkin şərtlər irəli sürərək müxtəlif istiqamətlərdə əməli işləri süni surətdə ləngitməkdə davam edir”.

Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatda qeyd olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan əraziləri daxilində müxtəlif hərbi fəaliyyətlərini davam etdirir. Ermənistan hələ də 1990-cı illərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi sərhəd boyu 8 anklav kəndini Azərbaycana qaytarmaqdan imtina edir.

Laçın yolu ilə qanunsuz hərbi birləşmə, Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrin rotasiyası, silah və şəxsi heyətin qanunsuz olaraq Laçın yolu ilə Azərbaycan ərazisinə keçirilməsi bu yoldan humanitar məqsədlər – yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və malların hərəkəti üçün istifadə edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Digər narahatedici məqam ondan ibarətdir ki, Laçın yolundan Ermənistan nəinki qanunsuz hərbi fəaliyyətlər üçün istifadə edir, həm də təbii sərvətlərin Azərbaycan ərazilərindən Ermənistana daşınması üçün də istifadə olunur. Ötən onilliklər ərzində Azərbaycan bilavasitə bunu təsdiqləyən təkzibedilməz sübutlar təqdim edib. Ermənistan əvvəllər də Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər göstərib ki, bu fəaliyyətlər ətraf mühitə ciddi zərər vurub.

Rövşən Sadıqbəyli bildirib ki, Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqlarına çıxışı, ekoloji qiymətləndirmə, əmlakın kadastr uçotu və təbii sərvətlərin inventarlaşdırılması və yerində monitorinq aparılmasına mane törədilməsi ölkə ictimaiyyətinin haqlı hiddətinə səbəb olub və Laçın-Xankəndi yolunda dinc etirazlara gətirib çıxardıb.

O qeyd edib ki, artıq Azərbaycan nümayəndə heyəti Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasına məlumat verib.