Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna “Quran”dan ayələr oxunub.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 20 Yanvar faciəsinin xalqımızın yaddaşına əbədi yazıldığını bildirib, mübarizliyimizi, əyilməzliyimizi, məğrurluğumuzu nümayiş etdirdiyini diqqətə çatdırıb.

Diplomat həmin dövrdə həyata keçirilmiş bu qətliamın məqsədinin Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə verməklə ölkəni münaqişələrə sürükləmək və öz müstəqilliyi uğrunda ayağa qalxmış Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq olduğunu qeyd edib. O, Azərbaycan xalqının öz mübarizliyini, birlik və əyilməzliyini 30 il sonra müzəffər Ali Baş Komandanın qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı Ordumuzun zəbt olunmuş torpaqlarımızı işğaldan azad etməklə bir daha təsbit etdiyini və şəhidlərimizin də ruhunun rahatlıq tapdığını vurğulayıb.

“Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri İranın Əməkdar mədəniyyət işçisi Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin 70 il ərzində sərgilədiyi ədalətsiz mövqedən danışıb. Bu filmlərin çəkilişi üzərində işləyərkən 20 Yanvar qırğınının onlarla şahidi ilə görüşdüyünü, dinlədiyini, hətta həmin dövrdə sovet ordusunun istifadə etdiyi bəzi hərbi texnikalara da baxış keçirdiyini deyib.

Çıxışlardan sonra 20 Yanvar faciəsi haqqında qısametrajlı film və videoçarx nümayiş olunub. Sonda şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.