Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar – Azadlığa aparan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə ATMU-nun rektoru İlham Mədətov 33 il əvvəl – 1990-cı il yanvarın 20-nə keçən gecə totalitar sovet rejiminin rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən amansız cinayətdən bəhs edib, 20 Yanvar faciəsinin sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün həyata keçirildiyini deyib.

20 Yanvarı çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran İ.Mədətov törədilən hərbi cinayətin beynəlxalq aləmə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, faciədən bir gün sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, bu qanlı hadisəni törədənlərə qəti etirazını bildirib. Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə qayıtmasından sonra Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib, Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksi ucaldılıb.

ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olsa da, xalqımızın qəhrəmanlığının, Azərbaycan övladlarının onun azadlığı uğrunda canından keçməyə hazır olduğunun bariz sübutudur.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub, tələbə İbrahim Qədirli “Şəhid qanı” şeirini söyləyib.