O təkcə 10 bəndlik “İstiqlal marşı”nı yazsaydı, yenə də Türkiyənin tarixində, xalqın yaddaşında əbədi qalmağı haqq edəcəkdi. O, vətəndaş şair kimi Türkiyədə İstiqlal savaşının məqsədinə çatmasına qələmi ilə böyük töhfə verib. Bu il anadan olmasının 150 illiyi qeyd edilən görkəmli şair, ictimai xadim Mehmet Akif Ərsoyu yada salırıq.

Bu il qardaş Türkiyə üçün ikiqat əlamətdardır. Həm Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir, həm də türk xalqının istiqlal nəğməkarı olmuş şairin 150 illik yubileyidir.

Mehmet Akif Tahir oğlu Ərsoy 20 dekabr 1873-cü ildə İstanbulda dünyaya göz açıb. Atası evdə ona ərəb və fransız dillərini öyrədir. Eyni zamanda islam fəlsəfəsi ilə tanış edir. Mehmet Akif xatirələrində bu haqda yazırdı: “O, mənim həm atam, həm də müəllimimdir. Nə bilirəmsə ondan öyrəndim”.

Atasının erkən dünyasını dəyişməsi onu ruhdan salmır. Baytarlıq məktəbinə daxil olur. Təhsilini başa vurduqdan sonra Ziraət Nəzarəti İdarəsində məmur kimi çalışır. 1908-ci ildə İstanbul Universitetinin Ümumi ədəbiyyat şöbəsinə dəyişilir və müdir təyin edilir. Bundan sonra daha çox ədəbiyyatla məşğul olur. Klassik Şərq ədəbiyyatı ilə yanaşı Avropa ədəbiyyatı və mədəniyyəti ilə də maraqlanır. Bu mədəniyyətin mütərəqqi cəhətlərinin təbliğatına çalışır. “Sirəti-müstəqim” adlı məcmuədə fəal iştirak edən Mehmet Akif Türkiyədə baş verən inqilabi dəyişikliklərlə bağlı məqalələr dərc etdirir. Milli və islami görüşlərini əhatə edən yazıları ilə tanınır.

1913-cü ildə dövlət qulluğundan istefa verir. Daha çox yaradıcılıqla məşğul olur və səyahətə çıxır. Misir, Mədinə və Berlin şəhərlərində olur. İstiqlal savaşı başlayanda (1919) ölkəyə qayıdır. Ankarada izdiham qarşısında çıxış edir, xalqı birliyə çağırır.

Şairin şeirləri “Səfahət” adı ilə çap olunan yeddicildlikdə (“Səfahət”, “Süleymaniyyə kürsüsündə”, “Haqqın səsləri”, “Fateh kürsüsündə”, “Xatirələr”, “Asım”, “Kölgələr”) toplanıb. Kitablardakı nümunələr şairin ictimai-siyasi problemlərə yanaşması baxımından diqqəti cəlb edir.

Görkəmli şairin “İstiqlal marşı” şeirinin isə maraqlı yaranma tarixi var. 1920-ci ilin axırlarında Türkiyə qəzetlərində Maarif Nazirliyi tərəfindən dövlət himni üçün şeir müsabiqəsi elan olunur. Müsabiqənin şərtinə görə, qalib şəxsə 500 lirə pul mükafatı nəzərdə tutulur. İlk mərhələdə müsabiqəyə təqdim edilən şeirlərin heç biri bəyənilmir. Maarif naziri Həmdulla Sübhi Mehmet Akifi müsabiqəyə qatılmağa dəvət edir. O isə pul üçün şeir yazmadığını bildirir. Pul  ödənməməsi şərtilə müsabiqəyə qatılacağına razılıq verir və “İstiqlal marşı”nı qələmə alır. Türk Ordusuna xitab kimi yazılan “Bizim qəhrəman ordumuz” adlı həmin şeir Türkiyə Böyük Millət Məclisində (TBMM) oxunur və böyük rəğbətlə qarşılanır. Osman Zəki Üngör tərəfindən şeirə musiqi bəstələnir. “İstiqlal marşı”  12 mart 1921-ci ildə TBMM-in iclasında Dövlət himni olaraq qəbul edilir.

“İstiqlal marşı” insanlarda parlaq və qalib sabahlara inam doğurmaq baxımından diqqətəlayiq nümunədir.

Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram.
Hansı çılğın mənə zəncir vuracaqmış – çaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram.
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Arkadaş, yurduma alçaqları uğratma sakın,
Sipər et gövdəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.

 Əsər Türkiyə ərazisinin xeyli hissəsinin işğal altında olduğu, ölkənin gələcək taleyinin Anadoluda gedən döyüşlərdə həll olunduğu dövrdə yazılır və şairin inamı tezliklə özünü doğruldur.

Professor Elman Quliyev araşdırmasında yazır ki, vətənin istiqlalını arzulayan şair azadlıq düşmənləri olan zalımlara nifrət edir. İstiqlalı vətən üçün böyük nemət sayır. Vətən övladlarının xoşbəxt gələcəyini istiqlalda görür. Şair sağlığında “İstiqlal marşı” şeirini çoxcildliyinə salmayıb. Səbəbini soruşduqda isə “Mən onu millətin qəlbinə gömdüm” deyib...

Mehmet Akifin Türkiyənin çətinliklər dövrünü əks etdirən şeirlərində inam və ümidlə yanaşı, bir ümidsizlik də özünə yer tapıb. Şairə görə, sahibi olan məmləkət heç vaxt məğlub olmaz. Məmləkətin, millətin çətin günündə meydanda sinəsini süngüyə, gülləyə sipər edən igid övladları varsa, o ölkənin işğalı mümkün deyil:

Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olarsan, bu vətən batmayacaqdır...

Müəllifə əbədilik qazandıran nümunələrdən biri də məşhur Çanaqqala döyüşünə (1915-1916) həsr etdiyi şeirdir. “Çanaqqala şəhidlərinə” adlı şeirdə şair hərbi təcavüzün başında dayanan avropalıları yırtıcı adlandırır. İgidlik göstərən, qəhrəmancasına şəhid olan mübariz türk əsgərinin şücaətini, yenilməzliyini tərənnüm edib. O, “ey şəhid oğlu şəhid” ifadəsi ilə türklərin qəhrəmanlıq tarixinə işarə edərək bu qəhrəmanlıqda bir nəslin yox, nəsillərin payının olduğunu diqqətə çatdırıb.

1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti Mehmet Akifin də idealı idi. Amma islami dəyərlərə münasibətdə Cümhuriyyət qanunları ilə şairin fikirləri üst-üstə düşmür. Çünki o, vətənsevər olmaqla bərabər, həm də islami dəyərlərə möhkəm tellərlə bağlı idi. Cümhuriyyətin ilk illərində Misirə gedən Mehmet Akif bir müddət orada ədəbiyyat müəllimi işləyir. Səhhətinin pisləşməsi ilə bağlı İstanbula dönür.

İstiqlal şairi 27 dekabr 1936-cı ildə vəfat edib, İstanbulun Ədirnəqapı məzarlığında dəfn olunub.

“İstiqlal marşı”nın Türkiyə Böyük Millət Məclisində qəbul edilməsinin 100-cü ildönümü münasibətilə 2021-ci il Türkiyədə “İstiqlal marşı və Mehmet Akif İli” elan edilmişdi. Türkiyə Cümhuriyyəti və türk xalqı var olduqca onun istiqlalının nəğməkarı da unudulmayacaq.

Savalan Fərəcov