Mədəniyyət Nazirliyi gənclərin bayramını təbrik edib

 

Artıq 26 ildir Gənclər Günü Azərbaycanın əlamətdar günlər təqvimində yer alıb. Bu bayramı gənclərimizə müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev ərməğan edib. Ulu öndər tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti sayəsində Azərbaycanda mənəviyyatca zəngin, vətənpərvər ruhlu gənc nəsillər yetişir.

Bu fikirlər Mədəniyyət Nazirliyinin əlamətdar gün münasibətilə gənclərə ünvanlanan təbrikində vurğulanır.

Qeyd olunur ki, tariximizə şanlı Zəfərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənsevərliyini, fədakarlığını, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi: “Qürur hissi ilə qeyd edə bilərik ki, canı-qanı bahasına xalqımıza bu Zəfəri yaşadanlar sırasında mədəniyyət sahəsində çalışmış gənclərimiz də var. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı bir daha dərin ehtiramla yad edirik. Vətən müharibəsində qazi olmuş onlarla gəncimiz bu gün Mədəniyyət Nazirliyi sistemində bizimlə bərabər çalışırlar”.

Təbrikdə daha sonra deyilir: “Azərbaycan gəncliyi, o cümlədən mədəniyyət və incəsənət sahələrində çalışan, yaradıcılıq fəaliyyəti göstərən gənclərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların bilik və bacarıqlarının aşkara çıxarılması, təşviq edilməsi məqsədilə proqramlar həyata keçirilir, istedadlı gənclər Prezident təqaüdünə, mükafatlara layiq görülürlər. Gənclərin yüksək səviyyədə bədii təhsilinə, beynəlxalq festival və müsabiqələrdə iştirakına şərait yaradılır, onların sorağı dünyanın mötəbər incəsənət məkanlarından gəlir. Bu gün ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində gənclərin xüsusi yeri var. İşində peşəkar, məsuliyyətli, vətənsevər gənclər ölkəmizin gələcəyidir. 

Mədəniyyət Nazirliyinin kollektivi adından bu əlamətdar gün münasibətilə gənc həmkarlarımızı və onların timsalında Azərbaycanın bütün gənclərini səmimi-qəlbdən təbrik edir, hər kəsə cansağlığı, səadət, peşə fəaliyyətində, yaradıcılıqda, dövlətə və xalqa xidmət niyyətli bütün əməli işlərində yeni uğurlar arzulayırıq”.