Azərbaycan

 

4 fevral 1945 – Əməkdar rəssam Fərman Səməd oğlu Qulamov (1945 – 23.12.2016) Astara rayonunda doğulub. Əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasında, Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır. Dövlət Rəssamlıq Akademiyasının müəllimi olub.

4 fevral 1982 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (25.12.1908 – 1982) vəfat edib. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

4 fevral 2008 – Prezident İlham Əliyev “Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında” sərəncam imzalayıb.

4 fevral 2015 – Prezident İlham Əliyev Azərbaycan balet məktəbinin yaradıcılarından biri, SSRİ Xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

4 fevral 2019 – Prezident İlham Əliyev Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 – 13.5.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması və digər musiqi əsərlərinin müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb. 30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

5 fevral 1927 – Azərbaycan K(b)P MK respublikadakı ayrı-ayrı yazıçı təşkilatlarının Azərbaycan Proletar Yazıçıları Assosiasiyasında (APYA) birləşməsi barədə qərar qəbul edib. Assosiasiyanın üç bölməsi (Azərbaycan, rus, erməni) vardı.

5 fevral 1930 – Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov (1930 – 25.2.2022) Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflərin müəllifidir.

5 fevral 1939 – Xalq yazıçısı, dramaturq, ssenarist, Dövlət mükafatı laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (1939 – 11.3.2022) Bakıda anadan olub. 30-dan çox filmin (“Səhranın bəyaz günəşi”, “Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri teatrlarda tamaşaya qoyulub.

5 fevral 1942 – Teatr xadimi Ağakərim Səftər oğlu Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

5 fevral 1963 – Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 fevral 1996 – Prezident Heydər Əliyev Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

6 fevral 1924 – Xalq artisti Firəngiz Abbas Mirzə qızı Şərifova (1924 – 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.

6 fevral 1927 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 – 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. Vəfatından sonra (2017) Türkan qəsəbə Mədəniyyət evinə A.Abdullayevin adı verilib.

6 fevral 2009 – Prezident İlham Əliyev Xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

6 fevral 2012 – Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

6 fevral 2013 – Prezident İlham Əliyev Xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 – 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

7 fevral 1922 – Görkəmli rəssam, qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (22.1.1892 – 1922) vəfat edib.

7 fevral 1959 – Əməkdar müəllim, filoloq Məmməd Həmid oğlu Ələkbərov (1899-1959) vəfat edib. Azərbaycanın təhsil naziri (1946-1952), 1953-1955-ci illərdə isə ilk mədəniyyət naziri olub.

7 fevral 2017 – Prezident İlham Əliyev Azərbaycanın görkəmli bəstəkarları, Dövlət mükafatları laureatları, xalq artistləri Cövdət Hacıyevin və Tofiq Quliyevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

 

Dünya

 

4 fevral 1873 – Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.

4 fevral 1915 – İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom; 1915-2010) anadan olub.

 

5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.

5 fevral 1914 – Amerika yazıçısı Vilyam Stüard Berrouz (William Seward Burroughs; 1914-1997) anadan olub.

 

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.

6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

 

7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.

7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis; 1885-1951) anadan olub.

7 fevral 1929 – Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 – 17.8.2008) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.

Hazırladı: V.Orxan