BMM-də IX “Gəncliyin səsi” festivalının ilk konserti keçirildi

 

Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində IX “Gəncliyin səsi” festivalı keçirilir.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində festivalın ilk konserti təşkil olundu. VIII “Muğam” Televiziya Müsabiqəsi qaliblərinin iştirakı ilə reallaşan konsert gəncliyin ruhuna uyğun tərtib edilmişdi.

Konsert proqramından əvvəl ölkəmizdə Gənclər Gününün təsis edilməsi və  “Gəncliyin səsi” ənənəvi festivalı haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, Azərbaycan Gəncləri Günü Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunub. Bu əlamətdar gün Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətin təzahürüdür.

Qeyd olundu ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı isə yaradıcı gənclərin istedadının üzrə çıxarılması və tanıdılmasına töhfə vermək məqsədi daşıyır.

Sonra gənc xanəndələr səhnədə yerlərini aldılar. Onların ifasında xalq mahnıları, təsniflər, bəstəkar mahnıları gənclərin bayramına gözəl musiqi töhfəsi oldu. Ənənəvi milli duetlər, vətənpərvərlik ruhlu ifalar festivalın ilk konsertinə xüsusi əhval bəxş etdi.

BMM-in solistlərindən ibarət gənc musiqiçilərin müşayiətində  konsertin “Çahargah” rəngi ilə başlaması da əbəs deyildi. Bu rəngin gəncliyin ruhuna uyğunluğu, dinləyicidə coşqunluq və mübarizlik yaratması kimi amillər nəzərə alınmışdı. Xanəndələr böyük ruh yüksəkliyi ilə gənclərin hisslərinə xitab etdilər.

Daha sonra Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli, Oqtay Kazımi, Xan Şuşinskinin bəstələri ilə yanaşı sevilən xalq mahnıları və təsniflər gənc xanəndələr Məftun Səfərli, Aynur Həsənxanova, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Vüqar Əbilov, Fuad Əzizzadə tərəfindən məsuliyyətlə, böyük sənətkarlara ehtiram və sevgi ilə təqdim edildi.

Festivalın ilk konsertinə gənc xanəndələri dinləmək üçün tanınmış muğam ifaçılarının da təşrif buyurması onlara mənəvi dəstəklə bərabər, həm də ruh yüksəkliyi bəxş etdi.

L.Azəri