İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun sektor müdiri Günel Bədəlova tərəfindən ölkəmizdə zəngin tarixə malik yəhudi irsi, yəhudi icmasının sıx şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, o cümlədən yəhudi irsinin mövcud olduğu Bakı, Quba, Oğuz, İsmayıllı və digər yerlər haqqında təqdimat edilib. Azərbaycanın müxtəlif yerlərində qədim sinaqoqların izlərinin aşkarlandığı və hazırda ölkədə yeddi sinaqoqun fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Tədbirdə Türkiyə, Gürcüstan, Özbəkistan və Hindistan təmsilçiləri də ölkələrindəki yəhudi irsinə dair təqdimatla çıxış ediblər.

Qeyd edək ki, İpək Yolu üzərində yerləşən və yəhudi mədəniyyətinin çiçəklənməsinə töhfə verən şəhərləri birləşdirən konseptual layihə “Yəhudi İpək Yolu” adlanır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə fevral 14-15-də Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub.