Ağdam Muğam Mərkəzində “Azərbaycan Bayrağı” ordenli Əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru “Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi qeyd edilib.

Əvvəlcə yubilyar haqqında videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, B.Abbasoğlu jurnalistlik fəaliyyətinə 1987-ci ildə “Ağdam” (o vaxt “Lenin yolu”) qəzetində müxbir kimi başlayıb. 1991-1996-cı illərdə Azərbaycan Ordusunda xidmət edib. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ehtiyatda olan baş leytenant, II qrup Qarabağ müharibəsi əlilidir. 1998-ci ildən “Ağdam” qəzetinin redaktorudur.

Çıxış edənlər ehtiyatda olan zabitin Birinci Qarabağ müharibəsindəki döyüş yolundan və mətbuat sahəsində xidmətlərindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Yubilyara rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib, müəllifi olduğu şeirlər səsləndirilib.

Sonda Əməkdar jurnalist çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Nurəddin