Təşkilatın 30 illiyi münasibətilə inşa müsabiqəsi elan olunub
Bu il Türk dünyasının mədəniyyət diplomatiyası sahəsində fəaliyyət göstərən ilk qurumu olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaranmasının 30 illik yubileyidir. Bu münasibətlə il ərzində həm qərargahı Ankarada yerləşən təşkilatda, həm də üzv ölkələrdə müxtəlif tədbirlər keçiriləcək.
Əlamətdar yubileylə bağlı TÜRKSOY-un təşkilatçılığı ilə qurucu ölkələri (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan) əhatə edən “Türk dünyasının qızıl körpüsü – TÜRKSOY” mövzusunda inşa müsabiqəsi elan olunub.
Müsabiqənin məqsədi təşkilata üzv ölkələrdə məktəblilər arasında Türk dünyasının tarix və mədəniyyətinin, xalqlarımızın ortaq dəyərlərinin, adət-ənənələrinin öyrənilməsi və təbliğinə, bununla uşaqların özlərini – milli kimliklərini dərk etmələrinə vəsilə olmaqdır.
Müsabiqəyə adıçəkilən 6 ölkənin ümumtəhsil məktəblərində oxuyan 13-15 yaş arası şagirdləri qatıla bilərlər. Hər şagird yarışmaya öz ana dilində yazdığı bir inşa mətni təqdim etməlidir. İnşanın mətni “Calibri” şrifti ilə 11 ölçüdə, 1,5 intervalda yığılmaqla 3 A4 vərəqindən çox olmamalıdır. İnşada imza və başlıq qoyulmamalıdır. Material hər şagirdin şəxsiyyət vəsiqəsinin bilgiləri əsasında şifrə ilə veriləcək. Hər iştirakçı özünün müəyyən etdiyi təxəllüs və parolu mətnin sağ küncündə yazmalıdır.
Hər üzv ölkədən seçilmiş 10 nümunə TÜRKSOY-a (turksoy@turksoy.org) təqdim olunacaq. Təşkilatda bu mətnlərin arasından 3 ən yaxşı nümunə qalib elan ediləcək.
Müsabiqəyə inşalar 2023-cü il 20 mart tarixinədək qəbul olunur. Qaliblər aprelin 1-də elan ediləcək.
Birinci yeri tutanlara notbuk, II və III yerin sahiblərinə isə planşet hədiyyə olunacaq. Qaliblər eyni zamanda Türkiyənin milli günü – Milli Suverenlik və Uşaq Bayramı (23 aprel) ilə bağlı tədbirlərə qatılacaq, Ankara və İstanbulun tarixi-mədəni məkanlarını ziyarət edəcəklər.