Bakıda səfərdə olan TÜRKSOY-un baş katibi Sultan Raev fevralın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə türk xalqları arasında dostluğun möhkəmlənməsində Türk dünyası təşkilatları tərəfindən göstərilən səylərin önəmindən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un bu yöndə fəaliyyətindən söz açılıb. “Şuşa – 2023: Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində birgə təbirlərin keçirilməsi məsələsi müzakirə olunub.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Mədəniyyət Forumu ilə bağlı görülən hazırlıq işlərindən də bəhs edilib. Beynəlxalq Türk Dilləri Forumu və digər layihələrin keçirilməsi, eləcə də Türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin qeyd olunmasında əməkdaşlığın vacibliyinə toxunulub.