Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialı görkəmli şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Əliağa Kürçaylının (1928-1980) anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirib.

Bildirilib ki, XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan şairin şeirləri öz lirik tempinə, axarına, melodik və ritmik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şairin poetik nümunələri mahnılara çevrilib qanadlanır. “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” kimi mahnılar bu gün də eyni maraqla, məhəbbətlə qarşılanır.

Tədbirdə iştirak edən qonaqlar və ailə üzvləri şair haqqında xatirələrini bölüşüblər.

Sonda Əliağa Kürçaylı yaradıcılığına həsr olunmuş slayd və şeirlərinə bəstələnmiş mahnılar təqdim olunub.