Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət tələb edən bəzi ixtisaslarda nəzəriyyə fənləri imtahanlarını test üsulu ilə keçirəcək.

DİM-dən verilən xəbərə görə, musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Tapşırıqların cavablandırılması üçün musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, harmoniya və solfecio, eləcə də musiqi ədəbiyyatı fənləri üzrə 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6 (16-18 doğru cavab) nəzərdə tutulub.