“Gilavar Foto Klubu” İctimai Birliyinin “PeşəkarSƏN” maarifləndirmə proqramı çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fotomüxbirlər üçün mina təhlükəsinə dair “addıMINA fikir ver!” adlı təlim kursu keçirilib.

Binəqədi rayonundakı Gənclər evində təşkil olunan təlimdə fotomüxbirlərə mina və partlamamış hərbi sursatlar, mina təhlükəsi, onun fəsadları və yarada biləcəyi təhlükələr, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfən ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımların atılması haqqında maarifləndirici məlumatlar verilib. Həmçinin təhlükəsizlik məsafələri və zolaqları, minaaxtaranların istifadə etdiyi vasitələr, minaların zərərsizləşdirilməsi zamanı fotoçəkiliş qaydaları barədə məlumatlar təqdim olunub.

Sonda iştirakçıların nəzəri bilikləri nə dərəcədə qavraması və gələcəkdə onlardan necə istifadə edə bilməsinə əmin olmaq üçün test üsulu ilə imtahan keçirilib. Təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub.