Xocalıda ilk görüş keçirilib

 

Xəbər verildiyi kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək. Prosesin gedişi barədə ictimaiyyət məlumatlandırlacaq.

***

Azərbaycanda yaşayan erməni əsilli sakinlərlə millət vəkili Ramin Məmmədovun görüşü potensial vətəndaşlarımızla birbaşa təmas kimi qiymətləndirilməlidir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib (APA).

Millət vəkili qeyd edib ki, bu, Azərbaycanın Vətən müharibəsindən sonra irəli sürdüyü dialoq formasıdır və uzun müddət Azərbaycan qanunlarından kənarda yaşamış sakinlərimizin cəmiyyətimizə reinteqrasiya olunmaları istiqamətində atılan ilk addımdır: “Uzun müddət bu cür birbaşa təmasların baş tutmaması üçün həm Ermənistanda, həm də icma sakinləri içərisində olan radikallar, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün olmasını istəməyən bəzi xarici güc mərkəzləri əllərindən gələni etdilər. Hətta Ruben Vardanyan adlı xüsusi antisülh layihəsi belə hazırladılar. Ancaq nəticədə heç nəyə nail ola bilmədilər. Azərbaycanın qətiyyətli mövqeyi və strateji diplomatiyası bu cəhdlərin hamısını boşa çıxardı”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayında Münxen Təhlükəsizlik Konfransında mümkün sülh perspektivindən danışarkən Ruben Vardanyanın Qarabağı tərk etməsindən sonra buradakı erməni əhali ilə praktik təmasların başlana biləcəyini demişdi: “Nəticədə elə də oldu. Azərbaycana ixrac edilən oliqarx-cinayətkar uzaqlaşdırıldı və ilkin nəticə əldə edildi. Ötən müddət ərzində erməni diplomatiyası, qeyri-hökumət institutları, erməni lobbisi nə qədər Azərbaycan ekofəallarının haqlı tələblərini manipulyasiya etmək istəsələr də, Laçın yolu haqqında yalançı blokada təsəvvürü formalaşdırmağa çalışsalar da, bu da baş tutmadı”.

Deputat qeyd edib ki, Azərbaycan öz maraqlarını qorumağı bacardı və suveren hüquqlarının bütün ərazimizdə tətbiq edilməsi üçün irəliyə doğru daha bir addım ata bildi: “Görüş haqqında isə qısa onu demək olar ki, erməni sakinlər bəzi kommunikativ və təchizat problemlərinin həll edilməsi üçün kömək istədilər. Bu, özlüyündə Azərbaycanın yuridiksiyasının erməni icması tərəfindən qəbul edilməsi kimi də qiymətləndirilə bilər. Azərbaycan isə dağ-mədən yataqlarımızın qeyri-qanuni istismar olunması vəziyyəti ilə bağlı problemlərin həlli ilə məşğul imkanları əldə etdi. Eyni zamanda gələcəkdə Azərbaycanın digər ərazilərində də belə görüşlərin keçirilməsi planlaşdırıldı...”.