Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.

Görüşdə Türk dünyası üzrə əməkdaşlıq təşkilatlarının genişmiqyaslı ortaq fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb, hər iki təşkilat tərəfindən bu istiqamətdə aparılan işlərdən bəhs edilib.

Türkiyədə baş vermiş şiddətli zəlzələlərin bütün Türk dünyasında böyük mənəvi sarsıntıya səbəb olduğu qeyd edilib, qardaş ölkəyə dəstəyin davam etdiriləcəyi bildirilib.

Hər iki təşkilatın 2023-cü il üzrə planları və qarşılıqlı işbirliyinin daha da gücləndirilməsi, gələcək birgə tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkovla da görüşüb

Görüşdə türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb. Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və təbliği istiqamətində aparılan işlər, o cümlədən Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub. Fond tərəfindən qırğız xalqının mənəvi abidəsi olan “Manas” eposunun dərindən öyrənilməsi yönündə həyata keçirilən layihələr yüksək qiymətləndirilib. Fondla təşkilatın qurucu üzv dövləti Qırğızıstan arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığa dair dəstək ifadə edilib.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmanaliyev də iştirak edib.