Əfsanəvi balet artisti və xoreoqraf Rudolf Nureyevin (1938-1993) 85 illik yubileyi Rusiyada “Nureyev mövsümü” beynəlxalq layihəsi ilə qeyd ediləcək. Yubiley tədbirləri martın 12-dən aprelin 2-dək üç şəhərdə: Moskva, Ufa və Kazanda olacaq. “Nureyev mövsümü” Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi və Askar Abdrazakovun Mədəniyyət, incəsənət və kino fondu, Başqırdıstan Dövlət Opera və Balet Teatrı, “Tatarkino”, Moskvanın Sosial inkişaf departamenti, Moskva “Gelikon-opera” musiqili teatrının təşkilatçılığı ilə keçirilir.

Layihə təşkilatçılarının bildirdiklərinə görə, yubiley tədbirlərinin arasında ən maraqlısı martın 14-də Moskvada olacaq. Həmin gün “Gelikon-opera”da 1982-ci ildə İtaliya kinorejissoru Mario Lanfrankinin çəkdiyi “Venesiya, karnaval, eşq” filminin ilk nümayişi və Ariçi Qratsianonun eyniadlı fotosərgisi açılacaq. Adıçəkilən film uzun illər itmiş lent sayıldığından Nureyevin filmoqrafiyasına daxil edilməyib. “Nureyev mövsümü”nün təşkilatçıları filmi tapıb bərpa edərək rus dilinə çeviriblər.

“Venesiya, karnaval, eşq” filminin çəkilişləri Venesiya karnavalının təbii dekorasiyaları fonunda aparılıb. Əslən Venesiyadan olan məşhur fotoqraf və rəssam Qratsiano Ariçi isə xoş təsadüf səbəbindən çəkiliş zamanı doğma şəhərdə olduğundan filmin lentə alınma prosesini fotokameranın yaddaşına köçürüb.

Tamaşaçılar martın 29-dək “Venesiya, karnaval, eşq” filmi və fotosərgi ilə yanaşı, görkəmli xoreoqrafa həsr olunmuş ən yaxşı sənədli və bədii filmləri seyr edə biləcəklər.

Martın 17-də, əfsanəvi rəqqasın doğum günündə Ufada, Başqırdıstan Dövlət Opera və Balet Teatrında “Nureyev mövsümü”nün regional mərhələsinin təntənəli açılışı olacaq, film nümayişləri isə 18-21 mart tarixlərində şəhərin “Vətən” kinoteatrında göstəriləcək.

Layihə martın 23-dən 27-dək Kazanda davam edəcək. Tədbirlər təkcə konsert, sərgi və film nümayişləri ilə məhdudlaşmır. Sənətkarı yaxından tanımış incəsənət xadimləri, onun dostları və həmkarları ilə görüşlər, Nureyevin yetirmələri tərəfindən xoreoqrafiya məktəblərinin şagirdləri üçün ustad dərsləri, yubilyar haqqında kitabların təqdimatı da nəzərdə tutulub.

Gülcahan