Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev Daşkəndə rəsmi səfəri çərçivəsində Özbəkistan xarici işlər nazirinin müavini Baromjon Aloyev ilə görüşüb.

Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, akademik Şahin Mustafayev görüşdə BTA-nın prioritetləri və elmi layihələri haqqında məlumat verib. Özbəkistanın 2022-ci ildə akademiyada müşahidəçi statusu aldığını qeyd edən Ş.Mustafayev tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Özbəkistanın akademiyanın tamhüquqlu üzvü olmasının vacibliyindən danışıb.

B.Aloyev Özbəkistanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə bir sıra layihələrin həyata keçirilməsinin  planlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edək ki, TDT-nin 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində keçirilmiş 9-cu Zirvə Görüşündə sədrlik Türkiyədən Özbəkistana keçib.

B.Aloyev TDT Katibliyinin təşəbbüsü ilə təşkil edilən Beynəlxalq “cədidizm” konfransına göstərdiyi dəstəyə görə BTA-ya təşəkkürünü bildirib. Akademiyanın Özbəkistanla bağlı gündəmdə olan məsələlərə hərtərəfli dəstək verəcəyinə əminliyini ifadə edən nazir müavini BTA ilə sıx əlaqələr qurmağa hazır olduqlarını vurğulayıb.

Tərəflər Türk və islam dünyasının böyük simalarından olan Əbu Reyhan əl-Biruninin (973-1048) 1050 illik yubileyi münasibətilə birgə tədbir təşkil etmək barədə razılığa gəliblər.