Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsi davam edir. Layihə üzrə martın 7-də gerçəkləşən növbəti tədbirdə muğamın tərkib hissəsi olan şikəstələrdən söz açılıb, “Kəsmə şikəstə”nin əvəzolunmaz ifaçısı, Əməkdar artist Fatma Mehrəliyevanın (1926-2000) da xatirəsi yad olunub.

Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının moderatorluğu ilə keçirilən tədbirdə xanəndə Ağakərim Nafiz, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, Əməkdar elm xadimi İbadulla Ağayev, tədqiqatçı-alim Turan İbrahimov, yazıçı-publisist Kənan Hacı, Türkiyənin Süleyman Dəmirəl Universitetinin (İsparta) tələbəsi, tədqiqatçı Amin Namazlı çıxış ediblər.

Azərbaycan muğamında şikəstələrin fərqli xüsusiyyətləri və yaranma tarixçələri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, aşıq musiqisindən yaransa da, şikəstələr artıq muğam irsimizin bir parçasına çevrilib. Əlliyə yaxın şikəstə məlumdur, amma təəssüf ki, günümüzdə çox az hissəsi ifa olunur.

Tədqiqatlar göstərir ki, dünyanın heç bir xalqının musiqi mədəniyyətində belə janrda musiqi yoxdur. Şikəstələr Azərbaycanda yaranmış və xalqımıza məxsus musiqi janrıdır. Şikəstələr əsasən müharibələrdən, fəlakətlərdən əziyyət çəkən xalqın əzablarının ifadəsidir.

Tədbirdə Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri də müzakirə olunub, sənətkarın ifasında lentə yazılmış “Kəsmə şikəstə” səsləndirilib.

Lalə Azəri